Qadın təhlükəsizliyi və bərabərhüquqlu cəmiyyət: Müasir dünyanın humanitar çağırışları

Qadın təhlükəsizliyi və bərabərhüquqlu cəmiyyət: Müasir dünyanın humanitar çağırışları

Noyabrın 25-i sadəcə təqvimdə qeyd olunan bir tarix deyil. Bu gün tarix qarşısında susdurulmuş qadınların səsinin, hüquqları uğrunda mübarizə aparan insanların iradəsinin və zorakılığa qarşı birləşən bəşəri vicdanın rəmzidir. Bu tarix bizə xatırladır ki, qadına hörmət yalnız mənəvi dəyər deyil, həm də hüquqi dövlətin, demokratik cəmiyyətin və sivilizasiyanın əsas meyarlarından biridir.

İnsanlıq tarixinin ən böyük mənəvi sınaqlarından biri insanın insana münasibətində ədaləti, bərabərliyi və ləyaqəti qorumaq bacarığıdır. Cəmiyyətin inkişafı yalnız elmin, texnologiyanın, iqtisadiyyatın və siyasi institutların tərəqqisi ilə ölçülmür. Həmin inkişafın əsl göstəricisi, ilk növbədə, insan hüquqlarına münasibətdə, xüsusilə də qadının cəmiyyətdəki mövqeyində, onun azadlığının, təhlükəsizliyinin və şəxsiyyət toxunulmazlığının təmin edilməsində özünü göstərir.

Qadınlara qarşı zorakılıq bəşəriyyətin müxtəlif tarixi mərhələlərində fərqli formalarda təzahür etmiş, ayrı-ayrı cəmiyyətlərin adət-ənənələri, sosial münasibətləri, hüquqi sistemləri və patriarxal düşüncə tərzi ilə mürəkkəb əlaqədə inkişaf etmişdir. Bəzən fiziki zorakılıq, bəzən psixoloji təzyiq, iqtisadi asılılıq, məişət zorakılığı, ayrı-seçkilik, məcburi nikah və insan alveri formasında meydana çıxan bu problem yalnız fərdin deyil, bütövlükdə cəmiyyətin mənəvi və sosial sağlamlığına təsir göstərən ciddi insan hüquqları pozuntusudur.

Hər il noyabrın 25-də qeyd edilən Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü bu həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdıran mühüm beynəlxalq tarixdir. Bu gün qadınların hüquq və azadlıqlarının müdafiəsini, gender bərabərliyinin təmin olunmasını, zorakılığın qarşısının alınmasını və zorakılığa məruz qalan şəxslərin müdafiəsini ümumbəşəri məsuliyyət səviyyəsinə yüksəldir.

25 Noyabr tarixinin yaranması: tarixi yaddaşdan beynəlxalq hüquqi tanınmaya doğru

Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Gününün yaranması XX əsrin siyasi tarixində xüsusi yeri olan faciəli hadisə ilə bağlıdır. Bu tarixin seçilməsi təsadüfi deyil. Onun arxasında azadlıq, insan hüquqları və siyasi mübarizə uğrunda həyatını itirmiş üç qadının taleyi dayanır.

1960-cı il noyabrın 25-də Dominikan Respublikasında Rafael Truxilyonun diktator rejiminə qarşı mübarizə aparan Mirabal bacıları – Patria, Minerva və Mariya Tereza (María Teresa) Mirabal qəddarcasına qətlə yetirildilər. Onlar ölkədə diktatura əleyhinə demokratik müqavimətin simvollarından birinə çevrilmişdilər. Bacılar siyasi fəaliyyətlərinə görə təqiblərə məruz qalır, təzyiq və hədələrlə üzləşirdilər.

Onların öldürülməsi diktatura rejiminin qadınların siyasi iradəsinə, azadlıq istəyinə və insan ləyaqətinə qarşı törətdiyi ağır cinayətlərdən biri kimi tarixə düşdü. Mirabal bacılarının faciəsi Latın Amerikasında və daha sonra beynəlxalq miqyasda qadınların hüquqları uğrunda mübarizənin simvolik hadisəsinə çevrildi.

1991-ci ildə Latın Amerikası və Karib hövzəsi qadın fəallarının təşəbbüsü ilə noyabrın 25-i qadınlara qarşı zorakılığa qarşı mübarizə günü kimi qeyd edilməyə başlandı.

Birləşmiş Millətlər Təşkilatı bu təşəbbüsü beynəlxalq səviyyədə tanıdı və 1999-cu il dekabrın 17-də Baş Assambleya 54/134 saylı qətnaməni qəbul edərək noyabrın 25-ni rəsmi olaraq Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü elan etdi.

Beləliklə, yerli siyasi faciənin yaddaşından doğan bir tarix beynəlxalq insan hüquqları təqviminin mühüm günlərindən birinə çevrildi.

Bu günün tarixi mahiyyətini yalnız Mirabal bacılarının faciəsi ilə məhdudlaşdırmaq olmaz. Əslində, onların taleyi qadınlara qarşı zorakılığın siyasi, sosial və şəxsi həyatın bütün sahələrində mövcud ola biləcəyini nümayiş etdirir. Bu tarix insan hüquqlarının pozulmasına qarşı susmağın da bəzən zorakılığın davam etməsinə şərait yaratdığını xatırladır.

Qadınlara qarşı zorakılığın anlayışı, formaları və sosial-fəlsəfi mahiyyəti

Qadınlara qarşı zorakılıq anlayışı yalnız fiziki xəsarət yetirilməsi ilə məhdudlaşmır. Bu anlayış qadının fiziki və psixoloji bütövlüyünə, şəxsi azadlığına, iqtisadi müstəqilliyinə, sosial statusuna və insan ləyaqətinə zərər vuran müxtəlif davranış və münasibətləri əhatə edir.

BMT Baş Assambleyasının 20 dekabr 1993-cü ildə qəbul etdiyi 48/104 saylı “Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında Bəyannamə” bu anlayışın beynəlxalq hüquqi çərçivəsini müəyyənləşdirmişdir.

Bəyannamənin 1-ci maddəsində qadınlara qarşı zorakılıq belə səciyyələndirilir:

“Qadınlara qarşı zorakılıq dedikdə, qadınlara fiziki, cinsi və ya psixoloji zərər və ya əzab yetirən, yaxud yetirə biləcək gender əsaslı zorakılıq aktları, o cümlədən belə hərəkətlərlə bağlı hədələr, məcburetmə və azadlığın özbaşına məhdudlaşdırılması nəzərdə tutulur”.

Bu tərifin elmi əhəmiyyəti ondadır ki, zorakılıq anlayışını ailə və məişət münasibətlərindən çıxararaq ictimai, iqtisadi, siyasi və institusional münasibətlər sistemində nəzərdən keçirir. Başqa sözlə, qadına qarşı zorakılıq yalnız fərdlər arasında baş verən münaqişə deyil, gender bərabərsizliyindən qaynaqlanan struktur sosial problemdir

Zorakılığın əsas formalarını aşağıdakı kimi təsnif etmək mümkündür:

1. Fiziki zorakılıq. Qadının döyülməsi, xəsarət yetirilməsi, sağlamlığına zərər vurulması, hərəkət azadlığının məhdudlaşdırılması və həyatına təhlükə yaradılması bu kateqoriyaya daxildir.

2. Psixoloji zorakılıq. Təhqir, alçaltma, hədələmə, qorxutma, davamlı nəzarət, sosial təcrid və emosional təzyiq psixoloji zorakılığın əsas təzahürləridir. Bu zorakılıq forması zahirən görünməsə də, insanın mənəvi dünyasında dərin izlər buraxa bilər.

3. İqtisadi zorakılıq. Qadının işləməsinə mane olmaq, qazancını əlindən almaq, maddi resurslardan istifadəsini məhdudlaşdırmaq, onu iqtisadi asılı vəziyyətdə saxlamaq və müstəqil qərar qəbul etmək imkanlarını aradan qaldırmaq iqtisadi zorakılığın nümunələridir.

4. Cinsi zorakılıq. Qadının iradəsinə zidd olaraq hər hansı cinsi xarakterli hərəkətə məcbur edilməsi, cinsi təcavüz, seksual istismar və arzuolunmaz seksual davranışlar bu anlayışa daxildir.

5. Məişət zorakılığı. Ailə daxilində və yaxın münasibətlərdə baş verən fiziki, psixoloji, iqtisadi və cinsi zorakılıq formalarını əhatə edir. Məişət zorakılığının təhlükəli xüsusiyyəti onun bəzən ailədaxili məsələ kimi təqdim edilməsi və ictimai müdaxilədən kənarda saxlanılmasıdır.

6. Rəqəmsal zorakılıq. Müasir informasiya cəmiyyətində qadınların sosial şəbəkələrdə təhdid edilməsi, şəxsi məlumatlarının icazəsiz yayılması, kiberizləmə, şantaj, təhqir və onlayn təqibə məruz qalması yeni və genişlənən təhlükə istiqamətlərindəndir.

Bu formaların hər biri ayrı-ayrılıqda ciddi hüquq pozuntusu olmaqla yanaşı, bir-biri ilə qarşılıqlı əlaqədə də meydana çıxa bilər. Məsələn, iqtisadi asılılıq psixoloji təzyiqin davam etməsinə, psixoloji zorakılıq isə qadının hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinməsinə səbəb ola bilər.

Elmi baxımdan qadınlara qarşı zorakılığın təhlilində üç mühüm yanaşmanı fərqləndirmək lazımdır:

Sosioloji yanaşma: zorakılığı sosial normalar, gender stereotipləri, ailə münasibətləri və hakimiyyət bölgüsü ilə əlaqələndirir.

Hüquqi yanaşma: qadının həyat, təhlükəsizlik, bərabərlik və ləyaqət hüquqlarının müdafiəsini əsas götürür.

Psixoloji yanaşma: zorakılığın fərdin emosional vəziyyətinə, özünəinamına, şəxsiyyət inkişafına və gələcək münasibətlərinə təsirini araşdırır.

Bu yanaşmaların birləşdirilməsi göstərir ki, zorakılıqla mübarizə yalnız cəza tədbirləri ilə məhdudlaşmamalı, onun sosial və psixoloji səbəblərini də aradan qaldırmalıdır.

Qadınlara qarşı zorakılıq coğrafi sərhəd, sosial təbəqə, təhsil səviyyəsi və iqtisadi inkişaf dərəcəsi tanımayan qlobal problemdir. Bu hadisə inkişaf etmiş dövlətlərdə də, inkişaf etməkdə olan ölkələrdə də müxtəlif formalarda müşahidə olunur.

Dünya Səhiyyə Təşkilatının və BMT qurumlarının araşdırmaları problemin miqyasının olduqca geniş olduğunu göstərir. BMT-nin məlumatlarına əsasən, dünyada təxminən hər üç qadından biri həyatı boyunca fiziki və ya cinsi zorakılığa məruz qalır.

2023-cü il üzrə BMT-nin qadın və qızların qətlləri haqqında hesabatında təxminən 51 100 qadın və qızın intim partnyoru və ya digər ailə üzvü tərəfindən qətlə yetirildiyi göstərilir. Bu, həmin il qeydə alınmış qadın qətllərinin təxminən 60 faizini təşkil edirdi. Bu göstərici ailənin hər zaman təhlükəsiz məkan olması barədə yayılmış təsəvvürlərin elmi və sosial baxımdan yenidən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur.

Qlobal miqyasda qadınlara qarşı zorakılığın başlıca səbəbləri sırasında aşağıdakılar xüsusi yer tutur:

Gender bərabərsizliyi və patriarxal düşüncə tərzi;

Qadınların iqtisadi və sosial baxımdan asılı vəziyyətdə saxlanılması;

Təhsil və məşğulluq imkanlarının qeyri-bərabər bölüşdürülməsi;

Zorakılığı bəraətləndirən ənənəvi stereotiplər;

Hüquqi müdafiə mexanizmlərinin zəifliyi və cəzasızlıq mühiti;

Münaqişələr, müharibələr, məcburi köçkünlük və humanitar böhranlar;

Rəqəmsal mühitdə təqib və seksual istismar.

Xüsusilə müharibə və silahlı münaqişələr zamanı qadınların cinsi zorakılıq, insan alveri, məcburi köçürülmə və digər ağır hüquq pozuntularına məruz qalması problemin beynəlxalq təhlükəsizlik aspektini də ön plana çıxarır.

16 günlük fəallıq kampaniyası

Noyabrın 25-i beynəlxalq miqyasda dekabrın 10-dək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasının başlanğıcıdır. Kampaniya dekabrın 10-da qeyd olunan İnsan Hüquqları Günü ilə tamamlanır.

Bu tarixlərin bir-biri ilə əlaqələndirilməsi dərin siyasi və hüquqi məna daşıyır: qadın hüquqları insan hüquqlarından ayrı təsəvvür edilə bilməz.

Kampaniyanın əsas məqsədi qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində dövlətlərin, beynəlxalq təşkilatların, vətəndaş cəmiyyətinin, təhsil müəssisələrinin və medianın birgə fəaliyyətini gücləndirməkdir.

BMT-nin 2008-ci ildə başlatdığı “UNiTE to End Violence against Women” təşəbbüsü də bu istiqamətdə beynəlxalq səylərin səfərbər edilməsinə xidmət edir. Kampaniyanın tanınmış simvolik rənglərindən biri narıncıdır. “Orange the World” çağırışı zorakılıqdan azad gələcəyə və ümidə işarə edir.

Qadın hüquqlarının qorunması sahəsində mühüm beynəlxalq hüquqi sənədlər mövcuddur:

1979-cu il – Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya (CEDAW). Qadınların siyasi, iqtisadi, sosial, mədəni və mülki hüquqlarının bərabər təmin olunmasını nəzərdə tutur.

1993-cü il – Qadınlara qarşı zorakılığın aradan qaldırılması haqqında BMT Bəyannaməsi. Zorakılığın beynəlxalq hüquq və insan hüquqları çərçivəsində tanınmasına mühüm töhfə vermişdir.

1995-ci il – Pekin Bəyannaməsi və Fəaliyyət Platforması. Qadın hüquqlarının genişləndirilməsi və gender bərabərliyinin təmin edilməsi istiqamətində strateji istiqamətlər müəyyənləşdirmişdir.

2011-ci il – İstanbul Konvensiyası. Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması, zərərçəkmişlərin müdafiəsi, cinayət təqibi və əlaqələndirilmiş dövlət siyasəti üzrə geniş öhdəliklər müəyyən edir.

Bu sənədlər qadın hüquqlarının qorunmasını yalnız milli dövlətlərin daxili məsələsi deyil, beynəlxalq hüquqi məsuliyyət məsələsi kimi təqdim edir.

Azərbaycanda qadınlara qarşı zorakılıq: milli tarixi ənənələr, hüquqi mexanizmlər və ictimai reallıqlar

Azərbaycanda qadının cəmiyyətdəki mövqeyi tarixən mürəkkəb və çoxşaxəli inkişaf yolu keçmişdir. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində qadına hörmət, ana obrazına ehtiram, ailə institutunun qorunması və qadının tərbiyəvi-ictimai rolu mühüm yer tutmuşdur. Bununla yanaşı, tarixi inkişafın müxtəlif mərhələlərində qadınların təhsil, ictimai iştirakçılıq, iqtisadi müstəqillik və şəxsi seçim hüquqları ilə bağlı məhdudiyyətlər də mövcud olmuşdur.

Azərbaycan tarixində qadınların maariflənməsi və ictimai həyata cəlb olunması prosesi XIX əsrin sonu – XX əsrin əvvəllərində xüsusi sürət qazanmışdır. Həsən bəy Zərdabi, Hacı Zeynalabdin Tağıyev və digər maarifpərvər şəxsiyyətlərin təşəbbüsləri, qadın təhsilinə verilən əhəmiyyət və milli mətbuatın inkişafı qadınların sosial mövqeyinin dəyişməsinə mühüm təsir göstərmişdir.

الجمهورية |
باكو- مدينة أول مدرسة للبنات المسلمات في الشرق الإسلامي

Şərqdə ilk qadın məktəbi: Bakı qadınlara gələcək bəxş etdi

1901-ci ildə Bakıda müsəlman qızları üçün ilk dünyəvi məktəbin açılması Azərbaycan qadınının maariflənməsi tarixində mühüm hadisə idi. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü və maddi dəstəyi ilə yaradılan bu məktəb qadınların təhsil hüququnun genişlənməsinə böyük töhfə verdi.

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə qadınların ictimai-siyasi hüquqlarının inkişafında yeni mərhələ başlandı. Azərbaycan Xalq Cümhuriyyəti qadınlara seçki hüququ verən ilk müsəlman Şərq respublikası kimi tarixə düşdü. Bu fakt Azərbaycan cəmiyyətinin qadın hüquqlarının tanınması sahəsindəki tarixi irsini nümayiş etdirir.

Lakin tarixi nailiyyətlərə baxmayaraq, qadınların hüquqlarının təmin olunması prosesi bütün problemləri aradan qaldırmamışdır. Müasir dövrdə də məişət zorakılığı, erkən və məcburi nikah, gender stereotipləri, iqtisadi asılılıq, qadınların əmək bazarında üzləşdiyi maneələr və rəqəmsal təqib kimi məsələlər aktual olaraq qalır.

Azərbaycanda qadın hüquqlarının hüquqi əsasları

Azərbaycan Respublikasının Konstitusiyası insan hüquq və azadlıqlarının qorunmasını dövlətin ali məqsədi kimi müəyyən edir.

Xüsusilə aşağıdakı konstitusion müddəalar qadınların hüquqlarının müdafiəsi baxımından əhəmiyyətlidir:

25-ci maddə: hamının qanun və məhkəmə qarşısında bərabərliyini, cinsindən asılı olmayaraq hüquq və azadlıqların bərabərliyini təsbit edir.

26-cı maddə: insan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsini təmin edir.

32-ci maddə: şəxsi toxunulmazlıq və şəxsi həyatın müdafiəsi ilə bağlı təminatları müəyyənləşdirir.

35-ci maddə: əmək hüququnu təsbit edir.

46-cı maddə: şərəf və ləyaqətin müdafiəsi hüququnu müəyyən edir.

Azərbaycan 1995-ci ildə BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına qoşulmaqla qadın hüquqlarının beynəlxalq müdafiəsi istiqamətində mühüm hüquqi öhdəliklər götürmüşdür.

Azərbaycanda qadınlara qarşı zorakılığın qarşısının alınması istiqamətində ən mühüm milli hüquqi sənədlərdən biri 22 iyun 2010-cu ildə qəbul edilmiş “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunudur.

Bu qanun məişət zorakılığının hüquqi anlayışını, qarşısının alınması tədbirlərini, zərərçəkmiş şəxslərin müdafiəsini, hüquqi və sosial yardım mexanizmlərini müəyyən edir.

Qanunda fiziki, psixi, iqtisadi və cinsi zorakılıq formaları nəzərdə tutulur. Bu yanaşma məişət zorakılığının yalnız fiziki xəsarət yetirilməsi ilə məhdudlaşmadığını, insanın mənəvi və iqtisadi azadlığına müdaxilənin də hüquqi baxımdan əhəmiyyət daşıdığını göstərir.

Azərbaycanda məişət zorakılığına qarşı hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi son illərdə də davam etmişdir.

23 fevral 2024-cü il tarixli dəyişikliklər zərərçəkmiş şəxslərin müdafiə mexanizmlərinin gücləndirilməsi istiqamətində mühüm addım olmuşdur.

27 yanvar 2025-ci ildə təsdiqlənmiş növbəti qanunvericilik dəyişiklikləri isə cinayət tərkibi yaratmayan məişət zorakılığı şikayətlərinin araşdırılması prosedurlarına yeni təminatlar gətirmişdir.

Xüsusilə:

Qısamüddətli mühafizə orderinin 24 saat ərzində verilməsi mexanizmi müəyyən edilmişdir.

Şikayətin beş gün ərzində araşdırılması nəzərdə tutulmuşdur.

Zərərçəkmiş şəxsin müraciəti əsasında hüquqşünas və psixoloqun prosesdə iştirakı təmin edilir.

Yetkinlik yaşına çatmayan və əlilliyi olan zərərçəkmiş şəxslərlə bağlı əlavə müdafiə tədbirləri nəzərdə tutulur.

Bu dəyişikliklərin əhəmiyyəti ondadır ki, zorakılığa məruz qalan qadının müdafiəsi yalnız hadisədən sonra hüquqi məsuliyyət tədbirləri ilə deyil, həm də təhlükənin qarşısının vaxtında alınması ilə əlaqələndirilir.

Qadınlara qarşı zorakılığın real miqyasını müəyyənləşdirmək üçün rəsmi statistika ilə yanaşı, beynəlxalq sorğuların və elmi tədqiqatların nəticələrinə də diqqət yetirilməlidir.

BMT-nin Qadınlar üzrə strukturunun Azərbaycan üzrə məlumatlarında 2018-ci ildə 15–49 yaşlı qadınların 5,2 faizinin əvvəlki 12 ay ərzində hazırkı və ya keçmiş intim partnyoru tərəfindən fiziki və/və ya cinsi zorakılığa məruz qaldığını bildirdiyi göstərilir.

Dünya Bankının BMT qurumlarının modelləşdirilmiş məlumatlarına əsaslanan gender statistikası portalında isə 2023-cü il üçün Azərbaycanda 15–49 yaşlı, intim partnyoru olmuş qadınlar arasında həyatı boyunca intim partnyor zorakılığına məruz qalma göstəricisi 15 faiz kimi təqdim olunur.

Bu iki rəqəmi birbaşa müqayisə etmək düzgün olmazdı: onların istinad etdiyi zaman intervalı və ölçmə metodologiyası fərqlidir. Lakin hər iki məlumat zorakılığın sistemli şəkildə araşdırılmasının, etibarlı statistikanın toplanmasının və profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyini göstərir.

Ədəbiyyatda qadın obrazı, qadın ləyaqəti və zorakılığa qarşı mənəvi müqavimət

Qadınlara qarşı zorakılıq məsələsinin təhlili yalnız hüquq, sosiologiya və psixologiya elmləri ilə məhdudlaşmır. Ədəbiyyat da əsrlər boyu qadının ictimai mövqeyini, mənəvi dünyasını, azadlıq arzusunu, hüquqsuzluğunu və müqavimət gücünü bədii obrazlar vasitəsilə ifadə etmişdir.

Azərbaycan ədəbiyyatında qadın obrazı çox vaxt müdrikliyin, mənəvi saflığın, mərhəmətin, iradənin və yaradıcı qüdrətin təcəssümü kimi təqdim olunur.

Dahi Azərbaycan şairi Nizami Gəncəvi öz əsərlərində qadının mənəvi və intellektual potensialına xüsusi diqqət yetirmişdir. “Xəmsə”yə daxil olan “İsgəndərnamə” əsərində Nüşabə obrazı müdrikliyi, siyasi düşüncəsi və müstəqil mövqeyi ilə seçilir. Bu obraz qadının yalnız ailə və məişət çərçivəsində deyil, dövlətçilik və ictimai idarəçilik müstəvisində də öz sözünü deyə biləcəyini göstərir.

File:Nizami Ganjavi - Alexander the Great Meets Nushabah in her Palace - Walters W610284A - miniature.jpg - Wikimedia Commons

Nizaminin yaradıcılığında qadın şəxsiyyətinə verilən dəyər dövrün bir sıra sosial məhdudiyyətlərinə qarşı humanist düşüncənin ifadəsi kimi də qiymətləndirilə bilər.

Məhəmməd Füzuli yaradıcılığında isə qadın obrazı məhəbbət, sədaqət, iztirab və mənəvi bütövlük kontekstində təqdim olunur. “Leyli və Məcnun” poemasında Leylinin taleyi fərdi hisslərlə ictimai normalar arasındakı ziddiyyətin bədii ifadəsidir. Leylinin həyatında ailə və cəmiyyətin qoyduğu məhdudiyyətlər qadının şəxsi seçiminin və azadlığının nə dərəcədə həssas məsələ olduğunu göstərir.

XIX əsr Azərbaycan ədəbiyyatında qadının hüquqsuzluğu, təhsilsizliyi və ictimai bərabərsizlik məsələləri daha açıq tənqid olunmağa başlamışdır.

Mirzə Fətəli Axundzadə yaradıcılığında köhnəlmiş ictimai münasibətlərin, cəhalətin və xurafatın tənqidi qadının maariflənməsi məsələsi ilə də səsləşir.

Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndələri qadınların təhsildən məhrum edilməsini, erkən nikahı, cəhaləti və sosial ədalətsizliyi satirik və publisistik şəkildə tənqid edirdilər.

Xüsusilə “Molla Nəsrəddin” jurnalının fəaliyyəti qadın azadlığı və maarifçilik ideyalarının ictimai şüura çatdırılmasında mühüm rol oynamışdır.

Azərbaycan dramaturgiyasında Cəfər Cabbarlı qadın azadlığı mövzusunu xüsusi bədii-estetik səviyyəyə yüksəltmişdir. Onun “Sevil” əsəri bu baxımdan əlamətdar nümunədir.

Sevil obrazının inkişaf yolu qadının cəmiyyətin təzyiqindən, savadsızlıqdan və şəxsi asılılıqdan azad olaraq öz şəxsiyyətini dərk etməsi prosesini əks etdirir. Əsərdə qadının baş örtüyünü çıxarması sadəcə zahiri dəyişiklik deyil, mənəvi oyanışın, özünüdərkin və müstəqil şəxsiyyətə çevrilməyin rəmzi kimi təqdim olunur.

Bu baxımdan “Sevil” əsəri qadın azadlığının bədii salnaməsi olmaqla yanaşı, cəmiyyətin qadın hüquqlarına münasibətinin dəyişməsini əks etdirən mühüm ədəbi hadisədir.

Dünya ədəbiyyatında da qadınların azadlığı və şəxsiyyət hüquqları mühüm mövzulardan biri olmuşdur.

Simone de Beauvoir “İkinci cins” əsərində belə bir fikir irəli sürür:

“Qadın doğulmur, qadın olur”.

Bu məşhur fikir qadınlığın sosial və mədəni normalar vasitəsilə formalaşdırılmasına diqqət çəkir. Burada müəllif qadının cəmiyyətdəki mövqeyinin bioloji amillərlə deyil, həm də tarixi, sosial və mədəni münasibətlərlə müəyyənləşdiyini vurğulayır.

Virginia Woolf isə “Özünə məxsus otaq” əsərində qadının yaradıcılıq və intellektual müstəqilliyi üçün maddi imkanlara və şəxsi məkana ehtiyacını əsaslandırır:

“Qadının bədii ədəbiyyat yarada bilməsi üçün pulu və özünə məxsus otağı olmalıdır”.

Bu fikir iqtisadi müstəqilliyin qadın azadlığının əsas şərtlərindən biri olduğunu göstərir.

Ədəbiyyatın bu mövzudakı əsas missiyası yalnız qadının faciəsini təsvir etmək deyil, həm də onun şəxsiyyətini, mübarizə gücünü və azadlıq haqqını ictimai şüura çatdırmaqdır. Ədəbi əsərlər insanın mənəvi dünyasına təsir göstərərək zorakılığın normallaşdırılmasına qarşı humanist mövqe formalaşdırır.

25 Noyabr – Qadınlara qarşı zorakılığın aradan qaldırılması uğrunda Beynəlxalq Mübarizə Günü tarixi yaddaşın, hüquqi məsuliyyətin, humanizmin və sosial ədalət ideyalarının birləşdiyi mühüm beynəlxalq gündür.

1960-cı ildə Dominikan Respublikasında Mirabal bacılarının faciəsi ilə yadda qalan bu tarix sonradan beynəlxalq qadın hüquqları hərəkatının simvoluna çevrilmiş, 1999-cu ildə BMT Baş Assambleyasının 54/134 saylı qətnaməsi ilə rəsmi beynəlxalq gün statusu qazanmışdır.

Dünyada qadınlara qarşı zorakılığın miqyası göstərir ki, hüquqi sənədlərin qəbul edilməsi problemin həlli üçün zəruri olsa da, təkbaşına kifayət etmir. Qadınların həyatının, sağlamlığının, azadlığının və şəxsiyyət toxunulmazlığının qorunması üçün hüquqi mexanizmlərlə yanaşı, ictimai şüurun dəyişdirilməsi, iqtisadi imkanların bərabərləşdirilməsi və maarifləndirmə siyasəti də ardıcıl şəkildə həyata keçirilməlidir.

Azərbaycan kontekstində isə qadınların maariflənməsi və ictimai həyata inteqrasiyası sahəsində formalaşmış zəngin tarixi irs müasir gender bərabərliyi siyasətinin mühüm mənəvi dayağıdır. 1901-ci ildə qızlar məktəbinin açılması, 1918-ci ildə qadınlara seçki hüququnun verilməsi, müasir dövrdə qadın hüquqlarının konstitusion və qanunvericilik səviyyəsində təsbit edilməsi bu inkişafın müxtəlif mərhələlərini təşkil edir. Bununla yanaşı, məişət zorakılığı, iqtisadi asılılıq, gender stereotipləri və qadınların müdafiə mexanizmlərinə çıxışı kimi məsələlər sistemli diqqət tələb edir.

Bu günün mahiyyətini dərk etmək üçün bir mühüm həqiqəti qəbul etmək lazımdır: qadının hüququnun pozulması yalnız bir insanın hüququnun pozulması deyil, bütövlükdə cəmiyyətin ədalət və humanizm prinsiplərinə vurulan zərbədir.

Qadına qarşı zorakılığın olmadığı cəmiyyət yalnız qanunların sərtliyi ilə deyil, insanların bir-birinə münasibətindəki hörmət, vicdan və məsuliyyətlə qurulur.

Məqalənin əsas ideyasını aşağıdakı fikirlə ümumiləşdirmək mümkündür:

Qadının susmağa məcbur edildiyi cəmiyyətdə ədalət danışa bilməz. Qadının qorxusuz yaşadığı, azad qərar verdiyi və ləyaqətinin qorunduğu cəmiyyət isə həqiqi sivilizasiyanın göstəricisidir.

25 Noyabr bizə bir daha xatırladır: zorakılığa qarşı mübarizə yalnız bir günün çağırışı deyil, hər gün davam etməli olan mənəvi, hüquqi və ictimai vəzifədir. Çünki hər bir qadının təhlükəsiz yaşamaq hüququ var. Hər bir qadının öz gələcəyini seçmək hüququ var. Hər bir qadının ləyaqətlə yaşamaq hüququ var.

Zorakılıqsız dünya arzusu yalnız qadınların arzusu deyil, insanlığın ortaq gələcək idealıdır.

Pərvanə İsgəndərova
Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) sədr müavini
İqtisadçı

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.