İki yaşlı qızı hovuzda boğulmaqdan it xilas etdi - Qəhrəman itin hərəkəti heyrətləndirdi

İki yaşlı qızı hovuzda boğulmaqdan it xilas etdi - Qəhrəman itin hərəkəti heyrətləndirdi

Braziliyada it hovuzda boğulmaq təhlükəsi ilə üzləşən iki yaşlı qızı xilas edib.

Gündəlik.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Hadisə noyabrın 20-də, cümə günü, Mato-Qrosso ştatının Şapada-dus-Qimaraens şəhərində baş verib.

Qızın anası, fitnes məşqçisi Qladissa Filbido qısa müddətlik tort götürmək üçün uzaqlaşıb. Böyük qızı Nikoli isə it üçün vannaya getməyə yollanıb. Məhz həmin an iki yaşlı Mayte hovuzun yanında tək qalaraq qəfildən suya düşüb.

Yaxınlıqda olan Tereza adlı qızılı retriver cinsindən olan it təhlükəni görərək dərhal hovuza atılıb. Qız itdən yapışaraq suyun üzərində qalmağı bacarıb.

Ana və böyük bacı geri qayıtdıqda dərhal hovuza qaçaraq Mayteni sudan çıxarıblar.

Filbidonun sözlərinə görə, qızı tez-tez hovuzların yaxınlığında olsa da, indiyədək böyüklərin nəzarəti olmadan suya girməyə cəhd etməyib. Ana ondan nə etmək istədiyini soruşduqda Mayte sadəcə suya baş vurmaq istədiyini deyib.

Filbido digər valideynləri təhlükədən xəbərdar etmək məqsədilə müşahidə kamerasının görüntülərini sosial şəbəkələrdə paylaşıb.

“İki saniyə ərzində faciə baş verə bilər”, – deyə o vurğulayıb.

Ana Terezanı qəhrəman adlandıraraq, kömək gələnədək uşağını suyun üzərində saxladığı üçün itə təşəkkür edib. Xoşbəxtlikdən, Mayte hadisə nəticəsində xəsarət almayıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ-nin Sietl şəhərində Cuda adlı kane-korso cinsindən olan it sahibəsini silahla hücum edən keçmiş nişanlısından xilas etmişdi. Hadisə zamanı iki güllə yarası alan it sağ qalmağı bacarmışdı.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.