İnternetin gələcəyini dəyişə biləcək kəşf: alimlər işığın sirrini açdı
Alimlər gələcəkdə internetin daha sürətli və səmərəli işləməsinə imkan yarada biləcək mühüm elmi nailiyyət əldə ediblər. Yeni araşdırma optik rabitə sistemlərində istifadə olunan xüsusi materialın xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirməyə imkan verib.
Gündəlik.az xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri məlumat yayıb.
Cənubi Koreyanın KAIST Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Kaliforniya Texnologiya İnstitutunun (Caltech) alimləri ilə birlikdə barium titanat adlı materialın işıqla qarşılıqlı təsirini araşdırıb.
Məlumata görə, bu material elektrik təsiri altında işığın davranışını dəyişmək xüsusiyyətinə malikdir. Bu xüsusiyyət onu gələcəyin optik rabitə sistemləri üçün perspektivli materiallardan birinə çevirir.
Tədqiqatçıların əsas nailiyyəti ondan ibarətdir ki, onlar barium titanatın işığı necə sındırdığını və nə qədər udduğunu daha dəqiq ölçə biliblər. Bu məsələ elmi ictimaiyyət üçün uzun illər çətinlik yaradırdı.
Alimlər xüsusi ölçmə metodundan istifadə edərək materialın ultrabənövşəyi şüalardan infraqırmızı diapazona qədər işıqla qarşılıqlı təsirini araşdırıblar.
Tədqiqatın nəticələri gələcəkdə optik rabitə sistemlərində məlumatların daha yüksək sürətlə ötürülməsinə, siqnal itkisinin azaldılmasına və daha səmərəli fotonik qurğuların hazırlanmasına kömək edə bilər.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf yalnız internet texnologiyaları üçün deyil, həm də kvant kompüterləri və işıq əsaslı informasiya emalı sistemlərinin inkişafı baxımından əhəmiyyətlidir.
Qeyd edək ki, tədqiqatın nəticələri 2026-cı il oktyabrın 20-də “ACS Photonics” elmi jurnalında dərc olunub. Araşdırma barədə məlumat noyabrın 20-də ictimaiyyətə təqdim edilib.
Nuri
Gundelik.az