Trampın əfv edəcəyi hinduşkalar qırmızı xalçadan keçərək lüks otelə yerləşdirildi

Trampın əfv edəcəyi hinduşkalar qırmızı xalçadan keçərək lüks otelə yerləşdirildi

ABŞ Prezidenti Donald Trampın ənənəvi hinduşka əfv mərasimi ərəfəsində seçilmiş iki hinduşka paytaxt Vaşinqtonun dəbdəbəli otellərindən birinə yerləşdirilib.

Gündəlik.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyi sosial şəbəkə hesabında məlumat yayıb.

Qərbi Virciniya ştatında fermerlər tərəfindən yetişdirilən hinduşkalar əvvəlcə qırmızı xalça üzərindən keçirilib, daha sonra Vaşinqtondakı məşhur “Willard” otelində onlar üçün xüsusi hazırlanmış otağa aparılıb.

Məlumata görə, quşlar iyulun 15-də yumurtadan çıxıb və Deans Gap fermasında böyüdülüb.

Ənənəvi əfv mərasimindən əvvəl hinduşkalar xüsusi hazırlıqdan keçiblər. Bu prosesə izdihama, kameraların işıqlarına və yüksək səslərə alışdırılmaları da daxil olub.

Qeyd edək ki, ABŞ-də Şükranlıq Günü ərəfəsində prezidentin hinduşkalardan birini və ya ikisini əfv etməsi uzun illərdir davam edən ənənədir. Əfv edilən quşlar bayram süfrəsinə göndərilmir və həyatlarına davam edirlər.

Xatırladaq ki, Donald Tramp daha əvvəl sosial şəbəkədə Şükranlıq Günü münasibətilə hazırlanan videoçarx da paylaşmışdı. Görüntülərdə o, Amerikanın “Village People” qrupunun məşhur “Y.M.C.A.” mahnısının sədaları altında bayram hinduşkasının içindən çıxır. Video “Milad tətili” filminin məşhur səhnəsinin montaj edilmiş versiyası əsasında hazırlanıb.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.