Kușner Zelenskiyə dəstəyini etiraf etdi: Trampdan təzyiqi azaltmağı istəyib
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Ukrayna Prezidenti Volodimir Zelenskiyə rəğbət bəslədiyini və ABŞ Prezidenti Donald Trampı ona qarşı təzyiqi azaltmağa inandırmağa çalışdığını bildirib.
Gündəlik.az xəbər verir ki, Kuşner bu barədə “New York” jurnalına müsahibəsində danışıb.
O, Ukrayna liderinə qarşı müəyyən rəğbətinin olduğunu desə də, Kiyev nümayəndələrinin əldə edilmiş razılaşmaları ictimaiyyət qarşısında müzakirə etmə tərzinin danışıqlar prosesinə mənfi təsir göstərdiyini vurğulayıb.
ABŞ prezidentinin kürəkəninin sözlərinə görə, Ukrayna münaqişə başa çatdıqdan sonra ölkəni gözləyən iqtisadi imkanları nəzərə almalıdır.
“Mən Zelenskiyə belə bir yanaşmanı göstərməyə çalışırdım: gəlin, müharibəni dayandırmaq və Ukrayna üçün etibarlı təhlükəsizlik zəmanətləri əldə etmək imkanını tapaq. Bundan sonra siz dərhal diqqətinizi iqtisadiyyata yönəldə və ölkənin bərpasına şəxsən rəhbərlik edə bilərsiniz”, – deyə Kuşner bildirib.
O, həmçinin Ukrayna ilə bağlı danışıqların ən mühüm nəticəsinin sadəcə atəşkəs deyil, Rusiya ilə Avropa arasında münasibətlərin yenidən qurulması olduğunu qeyd edib.
Kuşner bunu danışıqların əsas hədəfi adlandıraraq tərəflərin mümkün olan ən yüksək razılıq səviyyəsinə çatacağına ümid etdiyini bildirib.
“Bəlkə də insanların bir-birinin yanında sakit yaşaya və ortaq biznes qura biləcəyi bir yol tapmaq mümkündür”, – deyə o əlavə edib.
Nuri
Gundelik.az