Fransada təhlükəli virusla bağlı ilk hadisə: İnsanın ölüm səbəbi Şamonda olub
Fransada ilk dəfə insanda Şamonda virusu aşkarlanıb: Xəstə həyatını itirib
Fransada tarixdə ilk dəfə insanın Şamonda virusuna yoluxması qeydə alınıb. Virusa yoluxan şəxs oktyabrın əvvəlində vəfat edib.
Gundelik.az xəbər verir ki, bu barədə Fransanın Səhiyyə və Kənd Təsərrüfatı nazirliklərinin birgə bəyanatında məlumat verilib.
“Lyon şəhərindəki xəstəxanada ağır xəstəlik səbəbindən müalicə alan, ciddi immun çatışmazlığı olan pasiyent Şamonda virusuna yoluxub. O, oktyabrın əvvəlində vəfat edib”, - deyə bəyanatda bildirilib.
Hazırda hadisə ilə bağlı klinik, bioloji və epidemioloji araşdırmalar aparılır.
İndiyədək Şamonda virusunun insanlara yoluxmadığı hesab edilirdi. Buna baxmayaraq, Fransa hakimiyyəti yeni hadisəyə dair məlumat versə də, virusun əhali üçün sağlamlıq təhlükəsi yaratmadığını vurğulayıb.
Şamonda virusu nədir?
Şamonda virusu ilk dəfə 1960-cı illərin ortalarında Nigeriyada aşkarlanıb. Virus əsasən xırda qansoran həşəratların – Culicoides cinsinə aid sancaqcıqların dişləməsi ilə yayılır və əsasən iribuynuzlu heyvanları yoluxdurur.
Virus heyvanlarda yüksək hərarət, ishal, iştahasızlıq və süd məhsuldarlığının kəskin azalmasına səbəb ola bilər. Hamilə inəklərdə isə düşük hallarına gətirib çıxara bilər.
2026-cı ildə virus Fransa da daxil olmaqla bir neçə Avropa ölkəsində mal-qara arasında yayılmağa başlayıb.
Avstraliyada da təhlükəli virusla bağlı xəbərdarlıq edilib
Daha əvvəl Avstraliyada ölümcül təhlükə yarada bilən Avstraliya yarasaları lissavirusunu (ABLV) daşıyan aqressiv yarasaların geniş yayılması barədə məlumat verilmişdi.
Bu virusa yoluxmanın ilkin simptomları qrip əlamətlərinə bənzəyir. Lakin xəstəlik sürətlə irəliləyərək iflicə, şüurun qarışmasına və qıcolmalara səbəb ola bilər./lenta.ru
Nuri
Gundelik.az