Meksikada sirli ağ yırtıcı peyda oldu: Fermerlərin toyuq və dovşanları yoxa çıxır

Meksikada sirli ağ yırtıcı peyda oldu: Fermerlərin toyuq və dovşanları yoxa çıxır

Tükü olmayan, 1,8 metr uzunluğunda sirli məxluq: Əcnəbilərlə bağlı iddialar gündəmdə

Meksikanın Çihuahua ştatında fermerlərin toyuq və dovşanlarını ovladığı iddia edilən sirli, ağ rəngli və tüksüz bir məxluqun peyda olduğu bildirilir.

Gundelik.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Tük örtüyü olmayan, uzun quyruqlu və iri ətraflara malik qəribə heyvanla bağlı məlumatlar oktyabrın əvvəlində yayılmağa başlayıb. Hadisəni paranormal hadisələr üzrə tanınmış tədqiqatçı Xayme Maussan gündəmə gətirib.

Onun həmkarlarının sözlərinə görə, əraziyə hərəkət sensorlu kameralar yerləşdirilib və sirli məxluqun görüntülərini qeydə almaq mümkün olub. Kadrlarda tüksüz bədənə, uzun quyruğa və iri ətraflara malik naməlum bir canlı görünür.

Maussan bildirib ki, şahidlərin ifadələrini toplayıb. Onların iddialarına görə, məxluq olduqca çevik və ağıllıdır, hətta insan kimi arxa ayaqları üzərində də hərəkət edə bilir. Tədqiqatçı qəribə canlının quyruğu ilə birlikdə uzunluğunun təxminən 180 santimetr olduğunu ehtimal edir.

Oktyabrın 17-də keçirilən mətbuat konfransında Maussan bu sualları səsləndirib:

“Bəs o, niyə məhz orada peyda olub? Bu, müəmmadır. Bəlkə, bunlar ölçülərarası varlıqlardır? Onlar başqa kimsə ilə birlikdə gəliblər? Kosmik gəmilərləmi gəliblər?”

Bununla belə, rəsmi qurumlar hadisə ilə bağlı heç bir təsdiqləyici məlumatın olmadığını bildiriblər. Çihuahua ştatının Mülki Müdafiə Xidmətinin nümayəndələri, eləcə də ABŞ-nin Texas ştatındakı El-Paso dairəsinin şerif ofisi sirli məxluqlar və ya fermalara yırtıcı hücumları barədə hər hansı müraciət almadıqlarını açıqlayıblar.

Qurumların qeyd etdiyinə görə, Maussan indiyədək bu qəribə canlının mövcudluğunu təsdiqləyən fiziki sübut təqdim etməyib. Hələlik yayılan məlumatlar yalnız paranormal hadisələr üzrə tədqiqatçının və onun həmkarlarının iddialarına əsaslanır.

Qeyd edək ki, Maussan əvvəllər də Peru ərazisindəki Naska yaylasından tapıldığını iddia etdiyi, üçbarmaqlı əl və ayaqlara malik qəribə qalıqları nümayiş etdirib. O, həmin qalıqların yumurta qoyan yadplanetlilərə aid mumiyalar olduğunu irəli sürüb. Lakin onun bu iddiaları alimlər tərəfindən dəfələrlə təkzib edilib.

Nuri
Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.