Hicran Hüseynovadan qızların təhsili ilə bağlı çağırış: “Bu düşüncə artıq geridə qalmalıdır”
“Qızların təhsil almasına və müstəqil peşə sahibi olmasına mane olan köhnəlmiş ailə yanaşmaları cəmiyyətin inkişafına əngəl yaradan məsələlərdəndir. Bu istiqamətdə düşüncə tərzinin dəyişdirilməsi və gənc qızlara daha geniş imkanların yaradılması vacib hesab olunur”.
Gündəlik.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Hicran Hüseynova “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda səsləndirib.
Deputat çıxışında bəzi ailələrdə qızların təhsil almasına münasibətin hələ də stereotiplər üzərində qurulduğuna diqqət çəkib.
Onun sözlərinə görə, valideynlərin öz təhsil təcrübəsindən narazı qalması övladlarının gələcək imkanlarını məhdudlaşdırmaq üçün əsas olmamalıdır.
“Biz niyə imkan verməyək ki, qızlarımız hansısa peşənin sahibi olsunlar? Niyə bəzi ailələrdə belə bir düşüncə var ki, ‘mən oxumuşam, nə qazanmışam ki, mənim övladım da oxusun, nəsə əldə etsin?’ Bu, artıq geridə qalmış bir fəlsəfədir”, – deyə deputat bildirib.
Hicran Hüseynova qeyd edib ki, Azərbaycanın inkişaf edən və beynəlxalq miqyasda tanınan dövlət kimi mövqeyinin möhkəmlənməsi üçün cəmiyyətdə bu cür yanaşmalara yer verilməməlidir. O, qızların təhsilinə, peşə seçiminə və şəxsi inkişafına dəstəyin artırılmasının vacibliyini vurğulayıb.
Deputatın fikrincə, müasir cəmiyyətin tərəqqisi yalnız iqtisadi göstəricilərlə deyil, həm də qadınların ictimai həyatda nə dərəcədə təmsil olunması ilə ölçülür.
O əlavə edib ki, qadınların təhsil, elm, iqtisadiyyat və qərarvermə proseslərində kişilərlə bərabər iştirakının təmin edilməsi ümumi rifahın yüksəlməsinə xidmət edir.
Hicran Hüseynovanın çıxışı qızların təhsil hüququ, ailə daxilində formalaşan stereotiplər və qadınların cəmiyyətdəki mövqeyi ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Xəyal Abdullayev
Gundelik.az