Süni intellektdə nəhəng investisiya yarışı

Süni intellektdə nəhəng investisiya yarışı

Süni intellekt texnologiyaları qlobal miqyasda işlərin görülmə formasını dəyişdirməyə davam edərkən, bu sektora axan nəhəng kapitalın nə qədər sürətlə geri qayıtması maliyyə dünyasında yeni müzakirələrə səbəb olub.

CNN News Newsource-un məlumatına görə, bazarlara daxil olan kapitalın gəlirliliyə çevrilmə sürətindən xeyli yüksək olması investorlar və iqtisadçılar arasında mümkün bazar çöküşü və ya tənəzzül narahatlığını artırıb.

500 milyard dollarlıq nəhəng maliyyələşmə və dövri maliyyələşmə riski

Süni intellekt infrastrukturunun aparıcı şirkətlərindən olan Nvidia müştəri sifarişlərini maliyyələşdirmək məqsədilə Apollo Global Management, BlackRock və Goldman Sachs kimi maliyyə nəhənglərinin daxil olduğu qrupdan 500 milyard dollarlıq maliyyə təmin edib.

Nvidia-nın baş icraçı direktoru (CEO) Jensen Huang süni intellekt üçün hesablama gücünün artıq investisiya qoyula bilən ayrıca aktiv sinfinə çevrildiyini bildirib.

Lakin ekspertlər sektorda getdikcə geniş yayılan “dövri maliyyələşmə” (circular financing) modelinə diqqət çəkirlər.

Bu üsulda bir şirkət öz məhsullarının alınması şərti ilə başqa bir şirkətə kredit və ya investisiya verir. Ekspertlərin fikrincə, bu model 1990-cı illərin sonundakı “dot-com” köpüyü zamanı olduğu kimi, süni böyümə illüziyası yarada və nəticədə bazarda kəskin çöküşə səbəb olur.

Süni intellektə fokuslanan hedc-fond çökdü

Sektorda yüksək kredit çiynindən (leverage) istifadənin yaratdığı risklər süni intellekt yönümlü investisiyaları ilə tanınan “Situational Awareness” adlı hedc-fondun çöküşü ilə daha aydın şəkildə üzə çıxıb.

Keçmiş OpenAI əməkdaşı tərəfindən idarə olunan fond səhmlərdəki müvəqqəti zəifləmə və yüksək borclanma ilə açılmış mövqelər səbəbindən böyük itki ilə üzləşib. Nəticədə fond portfelinin əhəmiyyətli hissəsini zərərlə satmaq məcburiyyətində qalıb.

Bazarın gələcəyi və zamanlama müzakirəsi

Apollo Global Management-ın baş iqtisadçısı Torsten Slok bildirib ki, süni intellekt ekosistemindəki mövcud gəlirlilik əsasən istehlakçılardan deyil, investorlardan gəlir.

Slok S&P 500 şirkətləri üzrə aparılan təhlillərdə süni intellektin səhiyyə, enerji və daşınmaz əmlak kimi ənənəvi sektorların gəlirliliyinə hələlik konkret və nəzərəçarpacaq töhfə vermədiyini vurğulayıb.

Bunun əksinə olaraq, Cisco-nun baş icraçı direktoru Jeetu Patel kimi sektor nümayəndələri tələbin hələ də təklifdən xeyli yüksək olduğunu bildirirlər. Onların sözlərinə görə, məlumat mərkəzlərinin tutumu, enerji və prosessor təchizatı sahəsində ciddi çatışmazlıqlar mövcuddur. Bu səbəbdən onlar süni intellekt üzrə inkişaf prosesinin hələ başlanğıc mərhələsində olduğunu düşünürlər.

İqtisadçılar isə süni intellektə çəkilən xərclərin ABŞ iqtisadiyyatının əsas hərəkətverici qüvvələrindən birinə çevrildiyini bildirirlər. Onların fikrincə, bu investisiyaların dayanması ümumi iqtisadi tənəzzül riskini artırır.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.