Fransada Pokemon oğurluğu: 80 min avro dəyərində kartlar oğurlanıb
Fransanın şərqində yerləşən Burqoin-Jalyö şəhərində kolleksiya kartları üzrə ixtisaslaşmış mağazaya basqın edilib. Hadisə zamanı təxminən 80 min avro dəyərində Pokemon kartları oğurlanıb.
Fransa mətbuatına (AFP) açıqlama verən mağaza rəhbəri hadisənin səhər saat 04:00 radələrində baş verdiyini bildirib.
Onun sözlərinə görə, üzləri maskalı dörd nəfər mağazanın əsas giriş qapısını sındıraraq içəri daxil olub. Həyəcan siqnalının işə düşməsindən sonra avtomobillə hadisə yerindən qaçan oğrular “Smogtrade” mağazasından yüzlərlə Pokemon kartı aparıblar.
Oğurlanan məhsulların demək olar ki, hamısının Yapon mənşəli Pokemon kolleksiyasına aid olduğu bildirilib.
Son illərdə kolleksiyaçılar arasında yüksək qiymətə satılan Pokemon kartları Fransada və dünyanın müxtəlif ölkələrində tez-tez oğurluqların hədəfinə çevrilir.
2024-cü ilin fevralında Fransanın Renn şəhərində 100 min avro dəyərində on minlərlə Pokemon kartını oğurlayan üç nəfər həbs cəzasına məhkum edilmişdi.
Ötən ilin yanvarında İngiltərədəki ixtisaslaşmış mağazalardan birindən təxminən 87 min avro dəyərində kartlar oğurlanmışdı. Bundan bir ay sonra isə nadir Pikachu kartı hərracda 14,3 milyon avroya satılaraq rekord qırmışdı.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az