Beyin dumanı nədir?

Beyin dumanı nədir?

Beyin dumanı tibbi xəstəlik deyil. Diqqəti toplamaqda çətinlik, unutqanlıq, fikri cümlənin ortasında itirmək və düşüncənin əvvəlkindən daha yavaş işləməsi kimi bir sıra zehni əlamətləri ifadə edir. Stress, yorğunluq və həddindən artıq iş yükü bunu müvəqqəti olaraq yaradır. Menopauza və perimenopauza, uzunmüddətli COVID və lupus kimi bəzi xəstəliklər də səbəb olur.

Mütəxəssis Dr. Tharaka beyin dumanını azaltmaq üçün 4 sadə tövsiyə verir:

1. Özünüzə qarşı anlayışlı olun

Beyin dumanı yaşamaq uğursuzluq və ya bacarıqsızlıq göstəricisi deyil. Bu, beynin yorulduğunu, stress altında olduğunu və ya həddindən artıq yükləndiyini göstərən siqnaldır. Lazım gəldikdə tempinizi azaldın, işləri bölüşdürün və kömək istəyin. Narahatlığınız varsa, həkimə müraciət edin.

2. Gündəlik rejim yaradın

Səhər və axşam üçün sabit rutin formalaşdırmaq beynin qərar vermək yükünü azaldır. Məsələn, geyimləri əvvəlcədən hazırlamaq və səhər yeməyini öncədən planlaşdırmaq gün ərzində zehni yükü azaldır.

3. Fasilələr verin

Ardıcıl görüşlər, işlər və sosial fəaliyyətlər arasında beynin dincəlməsi üçün vaxt ayırın. Hətta 5–10 dəqiqəlik fasilə belə faydalıdır. Bu müddətdə gəzin, su için, uzanın və ya bir neçə dəqiqə sakit oturun.

4. Təqvim və xatırlatmalardan istifadə edin

Bütün görüşləri, işləri və öhdəlikləri yadda saxlamağa çalışmaq zehni yüklənməni artırır. Təqvim və telefon xatırlatmalarından istifadə edərək bu yükü beyninizdən götürün. Təkrarlanan işlər üçün avtomatik xatırlatmalar qurmaq da faydalıdır.

“SWANS” qaydası

Dr. Tharaka beyin sağlamlığını dəstəkləmək üçün SWANS adlı yadda saxlama üsulunu da tövsiyə edir:

Yuxu: Hər gecə 7–9 saat yatmağa çalışın. Yuxu beynin dincəlməsi və yaddaşın möhkəmlənməsi üçün vacibdir.                    Su: Hətta yüngül susuzlaşma belə diqqətin azalmasına səbəb olur. Gün ərzində müntəzəm su için. Fiziki aktivlik: Gəzinti, yüngül qaçış və dartınma hərəkətləri beyinə qan və oksigen axınını artıraraq daha aydın düşünməyə kömək edir.

Qidalanma: Daha çox təbii və qidalı məhsullara üstünlük verin. Yumurta, balıq və qoz-fındıq kimi qidalar beyin sağlamlığını dəstəkləyir.

Stress: Xroniki stress düşüncəni bulanıqlaşdırır. Nəfəs məşqləri, meditasiya, zehni rahatladan fəaliyyətlər və hobbilər stressi azaltmağa kömək edir.

Mənbə:BBC

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.