Azərbaycan Dövlət Pedaqoji Kollecində “İnklüziv Sosial İnkişaf” mövzusunda təlim-mühazirə keçirilib - FOTO
27 oktyabr 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci və Firəngiz Hüseynovanın təsis etdiyi “Humayun” Sosial Problemlərin Həllinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “İnklüziv Sosial İnkişaf” mövzusunda təlim-mühazirə keçirilib.
Gundelik.az xəbər verir ki, tədbirin açılışında kollecin direktoru Amalya Sezgin qonaqları salamlayaraq, onların tədbirdə iştirakından məmnunluğunu ifadə edib.
O, İsveçrənin Azərbaycandakı səfirinin müavini Guy Bonvin, İsveçrənin Goetheanum təşkilatının müalicəvi və sosial pedaqogika üzrə mütəxəssisi Sonja Zausch və digər qonaqları salamlayaraq, inklüziv sosial inkişafın təşviqi baxımından belə təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Təlim-mühazirədə “Humayun” İctimai Birliyinin İdarə Heyətinin üzvü Zarema Yagizarova və Sonja Zausch spiker qismində çıxış ediblər. Çıxışlarda inklüziv sosial inkişafın cəmiyyət üçün əhəmiyyəti, bərabər imkanların yaradılması, fərqli ehtiyacları olan şəxslərin sosial həyata inteqrasiyası və onların ictimai proseslərdə fəal iştirakının dəstəklənməsi məsələləri diqqət mərkəzində olub.
Tədbir çərçivəsində “Yurdum Social Eco-Village” nümayəndələrinin inklüziv səhnə çıxışı və “Arşın mal alan” tamaşası təqdim edilib. Bədii təqdimatlar inklüzivliyin sosial və mədəni mühitdə təşviqi, fərqliliklərin qəbul edilməsi və hər kəsin cəmiyyətin fəal üzvü kimi iştirakının əhəmiyyətinin çatdırılması baxımından maraqla qarşılanıb.
Tədbirin sonunda kollecin direktoru Amalya Sezgin qonaqlara və iştirakçılara təşəkkürünü bildirib. İsveçrənin Azərbaycandakı səfirinin müavini Guy Bonvin və digər qonaqlara tələbələrin əl işləri, o cümlədən çəkdikləri rəsm əsərləri və portretlər hədiyyə edilib.
Təlim-mühazirə inklüziv cəmiyyətin formalaşdırılması, sosial bərabərliyin təşviqi, fərqli ehtiyacları olan şəxslərin imkanlarının genişləndirilməsi və hər kəsin ictimai həyatda bərabər iştirakının dəstəklənməsi istiqamətində əhəmiyyətli təşəbbüs kimi yadda qalıb.
Fərqliliklərin qəbul edildiyi, bərabər imkanların yaradıldığı və hər kəsin cəmiyyətin inkişafına töhfə verə bildiyi inklüziv mühitin formalaşdırılması tədbirin əsas ideyasını təşkil edib.
Foto qalereya
1 / 9