Kişi nişanlısının gözü qarşısında qonşusunu qılıncla öldürdü – Saatlarla davam edən təqib
ABŞ-də kişi nişanlısının gözü qarşısında qonşusunu qılıncla öldürdü
ABŞ-də bir kişi qonşusunu nişanlısının gözü qarşısında qılıncla öldürüb. Hadisədən sonra qaçan şübhəli şəxs saatlarla davam edən təqibdən sonra saxlanılıb.
Gündəlik.az xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Cinayət noyabrın 20-də axşam saatlarında Nyu-Cersi ştatının Saut-Bransvik şəhərində yerləşən “Royal Oaks” yaşayış kompleksində baş verib.
28 yaşlı Cordan Uilyams 44 yaşlı qonşusu Altarey Kanninqemlə mübahisə edib. Daha sonra ona qarşı “bir şeyinin olduğunu” deyib. Bundan sonra mənzilinə daxil olan Uilyams böyük bir əşya ilə geri qayıdıb. Şahidlər əvvəlcə həmin əşyanı ağac parçası hesab ediblər.
Lakin o, Kanninqemə qılıncla hücum edib. Hadisə mərhumun nişanlısı Erin Beylinin gözü qarşısında baş verib. Yaralı qaçmağa çalışsa da, Uilyams onun arxasınca düşərək ölümcül zərbələr endirib.
“Son nəfəsini mənim yanımda verdi”, – deyə Erin Beyli bildirib.
Onun fikrincə, hadisə qəfil qəzəb nəticəsində deyil, əvvəlcədən planlaşdırılmış hücum olub.
Məlumata görə, Kanninqem psixoloji məsləhət xidmətləri sahəsində çalışıb. Nişanlısının sözlərinə görə, faciədən qısa müddət əvvəl o, yeni qonşusu ilə tanış olaraq ona kömək təklif edib.
Uilyams isə yaşayış kompleksinə yay aylarında köçüb. Digər sakinlərin bildirdiyinə görə, o, insanlardan uzaq durur və qonşularla salamlaşmırmış.
Hücumdan sonra hadisə yerindən qaçan şübhəli şəxs yalnız gecə saat 02:00 radələrində Vudbric şəhərində aşkarlanıb. O, avtomobildən düşməkdən imtina edib və daha sonra Franklin şəhərinə gedərək avtomobilində barrikada qurub.
Onun saxlanılması üçün xüsusi təyinatlı qüvvələr cəlb olunub. Hüquq-mühafizə orqanlarının əməkdaşı Uilyamsı avtomobildən çıxarmağa çalışarkən şübhəli şəxs qılıncla onun üz sipərinə zərbə endirib.
Uilyamsa qəsdən adam öldürmə və qanunsuz silah gəzdirmə ittihamları irəli sürülüb.
Qeyd edək ki, bundan əvvəl Yaponiyada bir qadın Tokioda üç polis avtomobilini vuraraq qarşı hərəkət zolağına çıxmış və təhlükəli avtomobil təqibinə səbəb olmuşdu. Polis əməkdaşları hadisə yerinə çatdıqda qadın avtomobilində qılıncla oturmuş və nəqliyyat vasitəsindən çıxmaqdan imtina etmişdi.
Nuri
Gundelik.az