Hindistanın Assam əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 100-ə çatıb
Hindistanın şimal-şərqində yerləşən Assam əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində ölənlərin sayı 100-ə yüksəlib.
Hindistan mətbuatında yayılan xəbərlərə görə, Assam Əyaləti Fövqəladə Halların İdarə Olunması İdarəsinin (ASDMA) açıqlamasında son 24 saat ərzində əyalətdə daşqınlar səbəbindən daha 2 nəfərin həyatını itirdiyi bildirilib.
Bununla da əyalətdə daşqınlar nəticəsində ölənlərin ümumi sayı 100 nəfərə çatıb.
Assam əyalətinin baş naziri Himanta Bisva Sarma ABŞ mərkəzli X sosial media platformasında paylaşdığı açıqlamada əyalətin 25 rayonunda 1,1 milyondan çox insanın daşqınlardan zərər çəkdiyini bildirib.
Güclü yağış və daşqınların əyalətin infrastrukturuna da ciddi ziyan vurduğu, ümumilikdə 16 951 hektar kənd təsərrüfatı ərazisinin su altında qaldığı qeyd edilib.
Cənubi Asiyada iyun-sentyabr aylarında təsirli olan musson yağışları Hindistan və Pakistan başda olmaqla, region ölkələrində hər il genişmiqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az