Boyun kütlətmək: Zərərsiz vərdişdir, yoxsa sağlamlıq üçün təhlükə?
Gündəlik həyatda rahatlamaq üçün tez-tez müraciət edilən boyun kütlətmək vərdişi ciddi sağlamlıq problemlərinə səbəb olur. Xüsusilə bu hərəkətin mütəxəssis olmayan şəxslər tərəfindən edilməsi damarların yırtılmasına, hətta insulta gətirib çıxarır.
Gündəlik həyatın gərgin tempi bədənin bir çox nahiyəsində əzələ gərginliyinə səbəb olur. Bu gərginliyin ən çox hiss edildiyi bölgələrdən biri də boyundur. Rahatlamaq istəyən bir çox insan boynunu kütlədir. Bəziləri bunu özləri edir, bəziləri isə başqalarından “kütlətmə dəstəyi” alır.
Bəs bu vərdiş həqiqətən zərərsizdirmi, yoxsa göründüyündən daha təhlükəli nəticələrə səbəb ola bilər? Boyun kütlətməyin yaratdığı təhlükələri Marmara Universitetinin Pendik Təhsil və Araşdırma Xəstəxanasının Nevrologiya şöbəsinin rəhbəri, professor İpək Midi izah edib.
Boyun damarlarının yırtılmasına səbəb olur
Professor İpək Midi bildirib ki, xalq arasında boyun kütlətmək kimi tanınan xiropraktik manipulyasiyalar ciddi sağlamlıq problemlərinə yol açır.
Onun sözlərinə görə, insanın öz vərdişi olaraq etdiyi boyun kütlətmə hərəkəti uyğun olmayan vəziyyətdə və sürətlə yerinə yetirildikdə şah damarlarında və ya boynun arxa hissəsində yerləşən damarlarda yırtılmaya səbəb olur.
Damarlardakı bu yırtılma isə həyati təhlükə yaradan bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır.
Professor Midi qeyd edib ki, damar yırtılması nəticəsində həm damarların tutulması, həm də qanaxma ilə müşayiət olunan insult baş verir. Bədənin bir tərəfində gücsüzlük və ya hissiyyat itkisi yaranır.
Zədələnən damarın yerindən asılı olaraq başgicəllənmə, ürəkbulanma, qusma, tarazlığın pozulması, nitqdə problemlər, udma çətinliyi və görmə itkisi də müşahidə olunur. Bundan əlavə, Horner sindromu adlanan vəziyyət zamanı bir göz qapağında sallanma, bədənin bir tərəfində tərləmənin azalması və göz bəbəyinin kiçilməsi kimi nevroloji əlamətlər meydana çıxır.
Boyun kütlətdikdən sonra yaranan ağrıya diqqət
Boyun kütlətdikdən sonra uzun müddət davam edən, bəzən üz nahiyəsinə də yayılan boynun ön və ya arxa hissəsində ağrı damar divarının parçalanmasının, yəni diseksiyanın əlamətidir.
Professor Midi belə hallarda ehtiyatlı olmağın vacibliyini vurğulayıb:
“Əgər şəxsdə hər hansı travma tarixçəsi də varsa, sonradan yarana biləcək insult riskinin qarşısını almaq baxımından ən yaxın tibb müəssisəsinə müraciət etmək vacibdir.”
Beyin və boyun damarlarında yırtılma niyə baş verir?
Professor Midi bildirib ki, damarlardakı yırtılma öz-özünə yarana bildiyi kimi, travmadan sonra və ya xəstəyə aparılan angioqrafiya prosedurundan sonra da meydana gəlir.
Damar yırtılması həm beyin daxilindəki, həm də boyun nahiyəsindəki damarlarda baş verir.
Mövcud tibbi ədəbiyyata əsasən, şah damarlarında (karotid arteriya) damar yırtılmasının illik rastgəlmə tezliyi hər 100 min nəfərə 2,5-3 hal, boynun arxa hissəsində yerləşən damarlarda (vertebral arteriya) isə hər 100 min nəfərə 1-1,5 hal təşkil edir.
Travmalar da əsas səbəblərdən biridir
Damar yırtılmasının səbəbləri yalnız boyun kütlətmə ilə məhdudlaşmır. Bəzi genetik xəstəliklər və irsi meyillilik də risk yaradır. Bundan başqa, yüksək qan təzyiqi, miqren, və vaskulit – damarların iltihabi xəstəliyi – risk faktorları arasında göstərilir.
Diseksiyaya, yəni damar divarının yırtılmasına səbəb ola biləcək əsas amillərdən biri də travmalardır.
Professor Midi damar yırtılmasına səbəb ola biləcək travmaları belə sıralayıb:
Boyun nahiyəsinin zədələndiyi avtomobil qəzaları;
İdman zamanı qəfil yıxılmalar, məsələn, xizək sürərkən yıxılmaq;
Boynun qəfil dartılması və həddindən artıq önə və ya arxaya əyilməsi;
Güləş, ağır atletika və futbol kimi idman növləri;
Boyun nahiyəsinə güclü manipulyasiyaların tətbiq edilməsi;
Masaj və xiropraktik müdaxilələr;
Bərbərdə saç yuyularkən boynun uzun müddət gərgin vəziyyətdə qalması;
Ağır yük qaldırmaq;
Güclü öskürək və qusma kimi bədən üçün kəskin fiziki gərginliklər.
Bu səbəbdən boyun nahiyəsini sürətlə və güclü şəkildə kütlətmək, xüsusilə də bunu mütəxəssis olmayan şəxslərə etdirmək ciddi risk yaradır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az