16 yaşında ildə 15 milyon dollar qazanan yeniyetmə uğur sirrini açıqladı
“Fanatics” şirkətinin rəhbəri, milyarder Maykl Rubin yeniyetməlik dövründə qazandığı gəlirlərdən danışıb. Onun sözlərinə görə, o, həmin vaxt ildə 10-15 milyon dollar qazanmağı bacarıb. Lakin 16 yaşında olarkən demək olar ki, bütün biznesini itirmək təhlükəsi ilə üzləşib.
Gundelik.az xəbər verir ki, bu barədə onun açıqlamasını “Fortune” nəşri yayıb.
Rubin 13 yaşında xizək avadanlıqlarının satışı ilə məşğul olmağa başlayıb. Bir il sonra öz mağazasını açıb. Hətta sürücülük vəsiqəsi almamışdan əvvəl “Porsche” markalı avtomobil də əldə edib.
Lakin 1988-ci ildə havaların qeyri-adi dərəcədə isti keçməsi onun biznesinə ciddi zərbə vurub. Nəticədə müştərilərinin sayı kəskin azalıb. İlin sonuna doğru onun 200 min dollar borcu, eləcə də 80 min dollar dəyərində satılmamış məhsul ehtiyatı yaranıb. Beləliklə, yeniyetmə sahibkar müflisləşmək təhlükəsi ilə üzləşib.
İflasdan xilas olmaq üçün Rubin borcun məbləğinin 35 min dollara qədər azaldılması barədə razılığa gəlib. Daha sonra qonşularından borc pul alaraq cəmi üç həftə ərzində krediti bağlayıb.
Beş il sonra, 21 yaşında olarkən Maykl Rubinin illik satış gəliri artıq 150 milyon dollara çatıb.
“Əgər hər uğursuzluqdan dərs çıxarsan, bu, növbəti uğura aparan yola çevrilir”, – deyə iş adamı uğur sirrini açıqlayıb.
Sonralar o, GSI Commerce şirkətini təsis edib. 2011-ci ildə “eBay” şirkəti bu biznesi 2,4 milyard dollara satın alıb. Rubin isə əldə etdiyi idman biznesi əsasında “Fanatics” şirkətini qurub.
Sahibkar 2018-ci ildə baş verən iqtisadi böhran zamanı yenidən iflas təhlükəsi ilə üzləşib. Lakin bu dəfə aktivlərini qoruyub saxlamağa nail olub.
Hazırda “Fanatics” şirkətinin bazar dəyəri 31 milyard dollar, Maykl Rubinin şəxsi sərvəti isə 11,6 milyard dollar qiymətləndirilir.
“Biznes bir növ attraksion kimidir. Biznes macəradır. Əgər əsl sahibkarsansa, bundan zövq alırsan”, – deyə milyarder fikrini yekunlaşdırıb.
Qeyd edək ki, daha əvvəl dünyanın ən gənc qadın milyarderi Luana Lopes Lara da uğurunun sirrini açıqlamışdı.