Üç ayı traktorçuya hücum etdi: Üzünü parçalayıb ağır yaraladılar
Hindistanın Karnataka ştatında üç ayı traktorçuya və onun oğluna hücum edib. Hadisə nəticəsində kişi ağır yaralanıb.
Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə noyabrın 22-də Hireemmiqanur kəndində baş verib.
Prakaş adlı kişi oğlu Kalleşlə birlikdə bitkiləri suvarmaq üçün avadanlıq quraşdırmaq məqsədilə traktorla öz torpaq sahələrinə gedib.
Onlar traktordan uzaqlaşan zaman əkin sahəsindəki kolluqlarda gizlənən dişi ayı və onun iki balası qəfil kişilərə hücum edib.
Kalleş traktora minərək təhlükədən xilas ola bilib. Ayılar isə Prakaşın üzərinə hücum edərək onu yerə yıxıb və üz nahiyəsini ağır şəkildə yaralayıblar. Nəticədə kişi çoxlu qan itirib.
Hadisə zamanı zərərçəkənin oğlu kənddən kömək çağıraraq geri qayıdıb. Prakaş əvvəlcə yerli xəstəxanaya çatdırılıb, daha sonra Manipaldakı klinikaya köçürülüb. Onun vəziyyətinin hələ də kritik olduğu bildirilir.
Ayıların hücumu ətraf kəndlərin sakinləri arasında təşvişə səbəb olub. İnsanlar yırtıcı heyvanların hücumundan qorxduqları üçün tarlalarda işləməkdən çəkinirlər.
Sakinlər ərazidəki yırtıcı heyvanlarla bağlı problemin təcili həll edilməsi üçün hakimiyyət orqanlarına müraciət ediblər. Onlar həmçinin yerli hökumətdən Prakaşın müalicə xərclərini tam ödəməyi və ailəsinə kompensasiya verilməsini tələb edirlər.
Xatırladaq ki, daha əvvəl ABŞ-də bir kişinin evinə gecə saatlarında daxil olmağa çalışan dişi ayı və balaları ilə əlbəyaxa mübarizə apardığı bildirilmişdi.
Nuri
Gundelik.az