Təkcə su içmək kifayət etmir: Güclü tərləmə zamanı elektrolit balansı pozulur

Təkcə su içmək kifayət etmir: Güclü tərləmə zamanı elektrolit balansı pozulur

Yay istisi, intensiv idman və həddindən artıq tərləmə zamanı orqanizm yalnız su deyil, natrium və kalium kimi vacib mineralları da itirir. Qidalanma və pəhriz üzrə mütəxəssis Tuğçe Sütçüoğlu xüsusilə uzun müddət idman edənlərin, açıq havada çalışanların, eləcə də ishal və qusma yaşayan insanların elektrolit balansına diqqət etməli olduğunu bildirib.

Orqanizm isti havalarda özünü sərinlətmək üçün tərləmə mexanizmini işə salır. Lakin tərləmə ilə birlikdə su ilə yanaşı natrium, kalium və digər elektrolitlər də itirilir. Tuğçe Sütçüoğlu intensiv fiziki fəaliyyətdən sonra yalnız çox miqdarda su içməyin hər zaman kifayət etməyə biləcəyini qeyd edib.

Xüsusilə uzunmüddətli və intensiv məşqlər zamanı çoxlu su qəbul etmək, lakin itirilən natriumu bərpa etməmək qanda natrium səviyyəsinin həddindən artıq azalmasına səbəb olur. Hiponatremiya adlanan bu vəziyyət baş ağrısı, ürəkbulanma, yorğunluq, əzələ zəifliyi, qıcolma, daha ağır hallarda isə nevroloji əlamətlərlə özünü göstərir. Bu səbəbdən güclü tərləmədən sonra maye qəbulunun insanın gördüyü fəaliyyətə və sağlamlıq vəziyyətinə uyğun şəkildə balanslaşdırılması vacibdir.

Sütçüoğlu xüsusilə bir saatdan çox davam edən intensiv fiziki fəaliyyət zamanı maye ilə birlikdə itirilən elektrolitlərin də bərpa edilməsinin lazım ola biləcəyini bildirib. Qusma, ishal və yüksək hərarət zamanı da eyni şəkildə maye və mineral itkisi baş verir. Belə hallarda elektrolit tərkibli uyğun içkilərdən və ya tibb mütəxəssisinin tövsiyə etdiyi oral rehidratasiya məhlullarından istifadə etmək lazım gəlir.

Güclü tərləmədən sonra balanslı qidalanmaq da itirilən mineralların bərpasına kömək edir. Pendir və tərkibində duz olan bəzi qidalar natriumla zəngin olduğu halda, banan, qızılbalıq və kokos suyu kimi məhsullar kalium tərkibi ilə seçilir. Lakin xüsusilə hipertoniya, böyrək və ya ürək xəstəliyi olan şəxslər duz və elektrolit qəbulunu artırmazdan əvvəl həkimlə məsləhətləşməlidirlər.

Güclü isti və fiziki fəaliyyətdən sonra yaranan halsızlıq, baş ağrısı, əzələ qıcolmaları və güclü susuzluq maye itkisinə işarə edir. Şikayətlər davam edərsə, şüurda qarışıqlıq, təkrarlanan qusma və ya ciddi zəiflik yaranarsa, tibb müəssisəsinə müraciət etmək vacibdir.

Tuğçe Sütçüoğlu xüsusilə yay aylarında yalnız nə qədər su içildiyinə deyil, güclü tərləmə nəticəsində itirilən mineralların da balanslı şəkildə bərpa edilməsinə diqqət yetirilməsinin vacib olduğunu vurğulayıb.

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.