Spotify musiqiçi profillərinə “Süni intellekt” nişanı gətirir
Spotify dinləyicilərə musiqilərin arxasındakı şəxslərin həqiqi insanlar olub-olmadığı barədə şəffaf məlumat vermək məqsədilə sentyabrın ortalarından etibarən bəzi profillərə “Süni intellekt personası” nişanı əlavə etməyə başlayacağını açıqlayıb.
Şirkət bildirib ki, dinləyicilər insan təsiri bağışlayan, lakin süni intellekt tərəfindən yaradılan virtual personajlara məxsus profillərdən narahatlıq keçirirlər.
Nişanlar sənətçi profillərində banner bölməsində, “Haqqında” hissəsində, axtarış nəticələrində və pleylistlərdə mahnı sətirlərinin yanında göstəriləcək.
Tətbiq çərçivəsində musiqiçilər profillərinin süni intellekt personasını təmsil etdiyini “Spotify for Artists” paneli vasitəsilə bildirə biləcəklər. Spotify həmçinin vizual kimliyində realistik süni intellekt görüntülərindən istifadə etdiyi müəyyən edilən profilləri araşdırmaya götürəcək.
Süni intellekt profilləri tövsiyələrdən çıxarılacaq
Spotify süni intellekt personası kimi işarələnən profillərin istifadəçilər tərəfindən izlənilmədiyi müddətdə redaksiya və alqoritmik tövsiyə siyahılarına daxil edilməyəcəyini açıqlayıb.
Araşdırma qrupu tərəfindən müəyyən edilən profillərə bildiriş göndəriləcək. Həmin şəxslərə vəziyyəti özlərinin bəyan etməsi və ya qəbul edilən qərara etiraz etməsi imkanı veriləcək.
Dinləyicilər nişanın sənətçi tərəfindən könüllü şəkildə əlavə edildiyini, yoxsa Spotify-ın araşdırması nəticəsində təyin olunduğunu görə biləcəklər.
Şirkət qeyd edib ki, nişan musiqinin necə hazırlandığına görə deyil, sənətçinin ictimaiyyətə təqdim etdiyi vizual kimliyə əsasən veriləcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az