Polis bölməsində qeyri-adi hadisə: Binanı ruhlardan təmizləmək üçün şaman çağırıldı
Fransada polis bölməsində binanı pis ruhlardan və mənfi enerjidən təmizləmək məqsədilə şamanın iştirakı ilə xüsusi mərasim keçirilib.
Gundelik.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ölkənin Lurd şəhərində baş verib.
Mərasimin təşəbbüskarı polis bölməsinin rəhbər şəxslərindən biri olub. O, binanın mənfi enerjidən təmizlənməsinə ehtiyac olduğunu düşünüb.
Polis həmkarlar ittifaqının nümayəndəsi Remi Qonsales Ici Béarn-Bigorre telekanalına açıqlamasında rəhbərliyin bu addımının səbəbini izah edib.
Onun sözlərinə görə, bölmə rəisi əməkdaşların üzərindəki iş yükünü azaltmaq üçün çıxış yolu axtarıb.
Məlumata əsasən, şamanın iştirakı ilə keçirilən ayin polis əməkdaşlarının kadr çatışmazlığı və stresli iş şəraiti ilə bağlı şikayətlərinin fonunda baş tutub. Mərasimin əsas məqsədlərindən biri də məkanın keçmişdən qalan mənfi enerjidən və xatirələrdən təmizlənməsi olub.
Prefektura şamanın polis bölməsinə gəlişini əməkdaşların şəxsi təşəbbüsü kimi qiymətləndirib. Bildirilib ki, mərasimin xərcləri onların öz vəsaitləri hesabına ödənilib və bu, yüksək vəzifəli polis rəhbərləri tərəfindən sifariş edilməyib.
Prefekturanın açıqlamasında qeyd olunub ki, hadisədən xəbər tutan kimi prefekt bölmə rəhbərləri ilə söhbət aparıb.
Qeyd edək ki, şaman ruhlar aləmi ilə əlaqə qurduğuna inanan, müalicə və digər məqsədlərlə şüurun dəyişmiş vəziyyətinə keçən mənəvi praktikadır.
Xatırladaq ki, daha əvvəl Hindistanın Karnataka ştatında 65 yaşlı qadın qara magiya ayini keçirməkdə şübhəli bilinərək saxlanılıb. Polis məlumatına görə, Manjula adlı qadın məhkəmə binasına daxil olaraq hakimin kreslosuna xardal toxumları səpib.
Nuri
Gundelik.az