Komfort zonası: Təhlükəsiz liman, yoxsa inkişafın qarşısındakı maneə?
Komfort zonası insanın özünü təhlükəsiz hiss etdiyi, hər şeyin əvvəlcədən proqnozlaşdırıla bildiyi və risklərdən uzaq olduğu mühitdir. Lakin mütəxəssislər bu zonada uzun müddət qalmağın şəxsi inkişafı məhdudlaşdırdığını, yaradıcılığı zəiflətdiyini və fürsətlərin əldən qaçmasına səbəb olduğunu bildirirlər. Bəs komfort zonasından çıxmaq niyə bu qədər çətindir? Beynimiz dəyişikliklərə niyə müqavimət göstərir?
Neyroelm üzrə aparılan araşdırmalar göstərir ki, beynimiz yeni təcrübələrə qarşı təbii olaraq təhlükə reaksiyası formalaşdırır. Naməlumluq, risk və qeyri-müəyyənlik ehtiva edən vəziyyətlər beynin “mübarizə apar və ya qaç” reaksiyasını işə salaraq stress hormonu olan kortizolun səviyyəsini artırır. Mütəxəssislərin fikrincə, yüz minlərlə il əvvəl bu reaksiya əcdadlarımızın təhlükələrdən qorunmasına xidmət edirdi. Lakin müasir dünyada vəhşi heyvanla qarşılaşmasaq da, beyin qeyri-müəyyənliyi hələ də “təhlükə” kateqoriyasına daxil edir.
Bu isə insanın komfort zonasında qalmasını bioloji baxımdan daha cəlbedici edir. Bununla yanaşı, daim eyni rutində yaşamaq öyrənmə və inkişaf prosesini də zəiflədir.
Beynəlxalq araşdırmalar nə deyir?
1908-ci ildə irəli sürülən Yerkes-Dodson qanununa görə, çox aşağı və ya çox yüksək stress səviyyəsi performansa mənfi təsir göstərir. Orta səviyyəli stress isə məhsuldarlığı artırır. Bu səbəbdən komfort zonasından çıxmaq beynin “yüngül stimullaşma” səviyyəsinə keçməsinə və öyrənmə ilə inkişaf üçün daha əlverişli mühit yaranmasına kömək edir.
2014-cü ildə Avropa üzrə aparılan araşdırmada iştirakçıların 70 faizdən çoxunun yeniliklərə və ya böyük dəyişikliklərə ehtiyatla yanaşdığı müəyyən edilib. Bu nəticə beynin təbii qoruyucu mexanizminin nə qədər güclü olduğunu göstərir.
2019-cu ildə Journal of Personality and Social Psychology jurnalında dərc edilən meta-analizdə komfort zonasından müntəzəm şəkildə çıxan insanların altı ay ərzində özünəinamında 25-30 faiz artım müşahidə edildiyi bildirilib.
2020-ci ildə Nature Neuroscience jurnalında dərc olunan məqalədə isə yeni və gözlənilməz təcrübələrə açıq olan insanların beynində “mükafat” və “öyrənmə” mərkəzləri, xüsusilə ventral striatum arasında daha güclü sinir əlaqələrinin formalaşdığı göstərilib.
Stanford Universitetində aparılan bir sıra araşdırmalar da “inkişafa yönəlmiş düşüncə tərzini” (growth mindset) mənimsəyən insanların komfort zonasından kənara çıxmaqda daha az çətinlik çəkdiyini və uzunmüddətli perspektivdə daha uğurlu olduqlarını göstərir.
Komfort zonası bizə nələri itirir?
Komfort zonasına tamamilə mənfi yanaşmaq düzgün deyil. Mütəxəssislər qısa müddət ərzində rahat mühitdə qalmağın zehni dincəltdiyini və stressi azaltdığını bildirirlər. Lakin insanın uzun müddət bu zonada qalması onu tədricən durğunluğa sürükləyir.
Məhdud öyrənmə və inkişaf: Daim eyni vərdişləri təkrarlamaq yeni bacarıqların əldə edilməsinə mane olur.
Zəif özünəinam: İnsan çətin vəziyyətlərlə qarşılaşmadıqca “Mən bunu da bacara bilərəm” hissini inkişaf etdirməkdə çətinlik çəkir.
Əldən qaçan fürsətlər: Yeni iş, fərqli sosial çevrə və ya tamamilə başqa bir layihə… Komfort zonasından çıxmayan insan potensialını ortaya qoya biləcəyi bir çox fürsəti də görməyə bilər.
Zehni yeniliklərə necə alışdırmaq olar?
Beynimiz əvvəlcə müqavimət göstərsə də, bu müqaviməti kiçik addımlar və düzgün strategiyalarla azaltmaq mümkündür.
Hədəfləri hissələrə bölün: Böyük bir layihəyə başlamaq qorxuducu görünə bilər. Layihəni daha kiçik və konkret məqsədlərə bölmək motivasiyanı artırır.
Dəstək çevrənizdən istifadə edin: Məqsədlərinizi ailəniz və dostlarınızla bölüşmək “Bəs səhv etsəm?” narahatlığını azaldır. Sosial dəstək beyin üçün də rahatlaşdırıcı siqnal rolunu oynayır.
Uğursuzluğa öyrənmə fürsəti kimi baxın: Elmi məlumatlara görə, səhv etmək beyin üçün güclü geribildirim mexanizmidir. Səhvlər öyrənmə prosesini daha qalıcı edir.
Yeni və fərqli təcrübələrə vaxt ayırın: Həftədə ən azı bir dəfə rutininizdən kənara çıxan kiçik bir fəaliyyət və ya vərdişə yer vermək beynin qeyri-müəyyənliyə qarşı müqavimətini tədricən azaldır.
Beynimiz, şübhəsiz ki, özünü təhlükəsiz hiss etməyi sevir. Lakin komfort zonasından kənarda yaranan “yüngül stress” həm zehni, həm də emosional baxımdan inkişaf üçün imkan yaradır. Bu gün atdığınız kiçik bir risk sabah daha böyük fürsətlərin qapısını aça bilər.
Cavab bəzən “Ya səhv etsəm?” sualında deyil, “Niyə cəhd etmirəm?” sualında gizlənir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az