İstivurmaya diqqət: Bu 4 əlamət həyati təhlükədən xəbər verir
Güclü isti hava yalnız halsızlıq və yorğunluğa deyil, həyati təhlükə yaradan istivurmaya da səbəb olur. Mütəxəssislər xüsusilə şüurda dəyişiklik, nitq pozğunluğu, həddindən artıq yuxululuq və qıcolma kimi əlamətlərin ciddi xəbərdarlıq olduğunu bildirirlər.
Yüksək temperatur və uzun müddət istidə qalmaq orqanizmin temperatur tarazlığını pozur, güclü tərləmə isə maye və elektrolit itkisinə səbəb olur. Bu zaman istilik qıcolmaları, istilik ödəmi və istilik taqətsizliyi yaranır. Halsızlıq, ürəkbulanma, qusma və güclü tərləmə istilik taqətsizliyinin əsas əlamətlərindəndir.
İstivurma zamanı şəxs dərhal isti mühitdən çıxarılmalı, sərin yerə aparılmalı və bədən temperaturu aşağı salınmalıdır. Şüur dəyişiklikləri və ya nevroloji əlamətlər müşahidə edilərsə, vaxt itirmədən təcili tibbi yardım çağırılmalıdır. Gecikmiş müdaxilə beyin və digər orqanlarda qalıcı zədələnməyə, hətta ölümə səbəb olur.
Uşaqlar və yaşlılar istidən daha çox təsirlənən qruplar sırasındadır. Günün ən isti saatlarında günəş altında qalmaqdan çəkinmək, açıq rəngli və nazik geyimlər geyinmək, kifayət qədər maye qəbul etmək tövsiyə olunur.
Dənizə girmək də istivurma riskini tam aradan qaldırmır. Günəş altında uzun müddət qalmaq günəş yanığı, qıcolma, istilik ödəmi və istilik taqətsizliyinə səbəb olur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az