İlahiyyat İnstitutunda təhsil alan qızların sayı açıqlandı – 145 qadın məzun olub
Azərbaycanda ilahiyyat təhsilinə maraq göstərən qadınların sayı və onların akademik göstəriciləri ilə bağlı yeni rəqəmlər açıqlanıb. Tələbə qızların təhsil imkanlarının genişləndirilməsi üçün isə xüsusi təqaüd proqramı həyata keçirilir.
Gündəlik.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda keçirilən konfransda məlumat verib.
Komitə sədrinin sözlərinə görə, hazırda Azərbaycan İlahiyyat İnstitutunda ümumilikdə 318 tələbə təhsil alır. Onların 98-i qızlardır. Magistratura pilləsində isə 4 qız tələbə təhsilini davam etdirir.
İnstitutun fəaliyyətə başladığı dövrdən indiyədək qadın məzunların sayı 145 nəfərə çatıb. Onlardan 126-sı bakalavriat, 13-ü magistratura, 5-i doktorantura, 1-i isə dissertantura səviyyəsi üzrə təhsilini başa vurub.
Qadınların dini təhsil sahəsində iştirakına Bakı İlahiyyat Kollecində də rast gəlinir. Hazırda kollecdə 19 qız tələbə oxuyur, indiyədək 4 nəfər məzun olub.
Qız tələbələr üçün xüsusi təqaüd proqramı
Ramin Məmmədov diqqətə çatdırıb ki, tələbələrin akademik inkişafını dəstəkləmək məqsədilə 2025-ci ildə Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Azərbaycan İlahiyyat İnstitutunda bir sıra təqaüd proqramları təsis edilib.
“Seyid Yəhya Bakuvi”, “Məhəmməd İrəvani” və “Həmzə Nigari” adlı təqaüdlərlə yanaşı, qız tələbələr üçün ayrıca “Xurşidbanu Natəvan” təqaüdü də yaradılıb.
Bu proqramın əsas məqsədi tələbə qızların sosial inteqrasiyasını gücləndirmək, onların təhsil həyatında iştirakını dəstəkləmək və cəmiyyətdə aktual problemlərlə bağlı maarifləndirmə təşəbbüslərinə töhfə verməkdir.
Təqaüd proqramı çərçivəsində erkən evlilik, qızların təhsildən yayınması və ailədaxili zorakılıq kimi məsələlərə xüsusi diqqət yetirilir.
Beləliklə, institutda qadınların təhsil göstəriciləri ilə yanaşı, onların sosial və akademik inkişafına yönələn dəstək mexanizmləri də genişləndirilir.
Xəyal Abdullayev
Gundelik.az