Həddindən artıq qoruyucu valideynlik uşaqların inkişafını təhdid edir

Həddindən artıq qoruyucu valideynlik uşaqların inkişafını təhdid edir

Son illərdə valideynlər arasında geniş yayılan həddindən artıq qoruyucu münasibət uşaqların psixoloji və sosial inkişafına mənfi təsir göstərir. Bu, uşaqlarda özünəinam çatışmazlığı, asılılıq, sosial bacarıqların zəif inkişafı, narahatlıq və depressiya kimi problemlərə səbəb olur.

Valideynlər qoruyucudurlar və uşaqlarını təhlükələrdən uzaq tutmaq istəyirlər. Ancaq bəzən bu sərhəd aşılır. Bəzi valideynlər uşaqlarının həyatının demək olar ki, hər sahəsinə həddindən artıq müdaxilə etməkdən çəkinmirlər. “Həddindən artıq qoruyucu valideynlik” və “helikopter valideynlik” anlayışları da məhz belə halları ifadə edir.

Həddindən artıq qoruyucu ailələrdə böyüyən uşaqlarda özünəinam çatışmazlığı, asılılıq, sosial bacarıqların zəifliyi, narahatlıq və depressiya kimi problemlər müşahidə olunur.

Bəs valideynlərin həddindən artıq qoruyucu davranmasının arxasında hansı səbəblər dayanır? Bu suala klinik psixoloq Seda Aydoğdu ilə birlikdə cavab axtardıq.

Həddindən artıq qoruyucu valideynliklə “helikopter valideynlik” arasındakı fərq

Həddindən artıq qoruyucu valideynlər uşaqlarının həyatında daim iştirak etməklə onların müstəqil qərarlar qəbul etməsini çətinləşdirə bilərlər. Klinik psixoloq Seda Aydoğdu uşaqların öz şəxsiyyətlərini və bacarıqlarını kəşf etməsini məhdudlaşdıran bu yanaşmanı belə izah edir:

“Həddindən artıq qoruyucu ana və atalar uşağın demək olar ki, hər anına müdaxilə edirlər. Onları fərd kimi görməkdə çətinlik çəkən bu ailələr mükəmməlliyyətçi xüsusiyyətlərinin təsiri ilə uşaqları üçün hansı sahələrdə daha yaxşı qərar verə biləcəklərini özləri müəyyənləşdirir və onları həmin istiqamətdə yönləndirməyə çalışırlar.”

Həddindən artıq qoruyucu valideynliyə çox bənzəyən digər anlayış isə “helikopter valideynlik”dir. Bu anlayış valideynlərin uşaqlarının üzərində daim “uçması”, onları hər an izləməsi və lazım olduqda müdaxilə etməsi mənasını verir.

Helikopter valideynlər uşaqlarının qarşılaşa biləcəyi çətinlikləri əvvəlcədən təxmin edərək qabaqlayıcı tədbirlər görməyə çalışırlar. Onlar adətən uşaqlarının təhsilinə, sosial münasibətlərinə və fəaliyyətlərinə həddindən artıq müdaxilə edirlər.

Həddindən artıq qoruyucu valideynlik isə daha çox uşaqları təhlükələrdən, məyusluqlardan və uğursuzluqlardan qorumaq məqsədi daşıyır.

Valideynlərin həddindən artıq qoruyucu davranmasının səbəbləri

Həddindən artıq qoruyucu davranışın arxasında müxtəlif səbəblər dayanır. Seda Aydoğdu bunun valideynlərin şəxsiyyət xüsusiyyətləri və böyüdükləri ailə ilə münasibətləri ilə əlaqəli ola biləcəyini bildirir.

Əsas səbəblər bunlardır:

Valideynlərin mükəmməllik axtarışı: Uşaqlarının hər sahədə ən yaxşı olmasını istəmələri və onların uğursuzluq yaşamasının qarşısını almağa çalışmaları.

Keçmiş təcrübələr: Valideynlərin öz uşaqlıqlarında yaşadıqları mənfi hadisələr uşaqlarını oxşar vəziyyətlərdən qorumaq istəyini artırır.

Sosial və mədəni amillər: Bəzi cəmiyyətlər valideynləri uşaqları qorumağa və istiqamətləndirməyə daha sərt yanaşmağa sövq edir.

Sosial medianın təsiri: Valideynlərdə uşaqlarının uğurunu və təhlükəsizliyini daim nəzarətdə saxlamaq təzyiqini artırır.

Uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıq: Valideynlərin uşaqlarını hər cür təhlükədən qorumaq istəyi həddindən artıq nəzarətə gətirib çıxarır.

Nəzarət ehtiyacı: Ana və atalarda uşaqlarının həyatını idarə etmək və onların hər addımına nəzarət etmək istəyi yaranır.

Uşaqlara hansı təsirləri olur?

Seda Aydoğdu bildirir ki, həddindən artıq qoruyucu münasibət uşaqların sərbəst qərarlar qəbul etməsinə və müstəqil şəxsiyyət formalaşdırmasına mane olur.

Belə uşaqlarda asılılıq, sosial bacarıqların zəifliyi, narahatlıq və depressiya kimi problemlər yaranır. Bundan başqa, onların müstəqil qərar qəbul etmək və problemləri həll etmək bacarıqları lazımi səviyyədə inkişaf etmir.

Uşaqlar fərdiləşib öz həyatları ilə bağlı qərarlar qəbul edə bilmədikcə, istək və arzularını sözlə və davranışları ilə ifadə etməkdə çətinlik çəkdikcə onların özünəinamı da mənfi istiqamətdə inkişaf edir.

Həddindən artıq qoruyucu valideynlik uşaqların risk etmək və problem həll etmək bacarıqlarına da mənfi təsir göstərir. Uşaqlar öz həyatları ilə bağlı lazım olduğu qədər söz sahibi olmadıqda problem həll etmə bacarıqlarının gözlənilən səviyyədə inkişaf etməsində çətinlik yaranır. Nəticədə onların akademik göstəriciləri də mənfi təsirlənir.

Valideynlər həddindən artıq qoruyucu davranışı necə azalda bilərlər?

Valideynlər əvvəlcə uşaqlarının özlərinin bir hissəsi və ya “öz bədən üzvləri” deyil, ayrıca bir fərd olduğunu qəbul etməlidirlər. Uşaqlarının səhv etməsinə və həmin səhvlərdən öyrənməsinə hörmətlə yanaşmalıdırlar.

Onlar öz narahatlıq və təşvişlərini idarə etməyi öyrənməlidirlər. Bu, uşaqların daha sağlam özünəinam formalaşdırması üçün uyğun mühit yaratmağa kömək edir. Lazım gəldikdə valideynlər fərdi psixoloji məsləhət və ya valideyn məsləhəti də ala bilərlər.

Valideynlərə tövsiyələr:

Özünüdərk yaratmaq: Öz qorxu və narahatlıqlarını anlamağa çalışmaq. Öz uşaqlıq təcrübələrinin, mükəmməllik meylinin və böyüdükləri ailədəki münasibətlərin təsirini dərk etmək.

Uşaqların müstəqilliyini dəstəkləmək: Onlara yaşlarına uyğun məsuliyyətlər vermək və öz qərarlarını qəbul etmələri üçün imkan yaratmaq.

Risk etməyi öyrənmələrinə imkan vermək: Uşaqların uğursuzluq və səhvlərlə qarşılaşmasına icazə vermək. Beləliklə, onların problem həll etmə və çətinliklərə davam gətirmə bacarıqları inkişaf edir.

Emosional dəstək göstərmək: Uşaqların emosional ehtiyaclarına diqqət yetirmək, onları anlamağa və empati göstərməyə çalışmaq. Bu, uşaqların daha müstəqil fərdlər kimi formalaşmasına kömək edir.

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.