Getdikcə geniş yayılır: Bu allergenlərə qarşı gözünüzü dörd açın

Getdikcə geniş yayılır: Bu allergenlərə qarşı gözünüzü dörd açın

Yay aylarında açıq havada keçirilən vaxtın artması polen və digər ətraf mühit allergenlərinə məruz qalmanı da artırır. Bu səbəbdən gözlərdə qaşınma, qızartı, sulanma və yanma kimi şikayətlər daha çox müşahidə olunur.

Göz xəstəlikləri üzrə mütəxəssis dos. dr. Özgür Çakıcı bildirir ki, xüsusilə hər iki gözdə eyni vaxtda yaranan güclü qaşınma və sulanma allergiya baxımından mühüm əlamətdir. Onun sözlərinə görə, ölkənin müxtəlif bölgələrində aparılan araşdırmalar xüsusilə uşaqlar və gənclər arasında burun axması, asqırma və burun tutulmasının da müşayiət etdiyi göz və burun allergiyasının — allergik rinokonyunktivitin — kifayət qədər geniş yayıldığını göstərir.

Mütəxəssis qeyd edir ki, cəmiyyətdə göz allergiyası çox vaxt müvəqqəti narahatlıq kimi qəbul edilərək yüngül qiymətləndirilir. Halbuki şikayətlər təkrarlanır və ya güclənirsə, göz həkiminə müraciət etmək olduqca vacibdir. O, həmçinin kortizon tərkibli göz damcılarının həkim məsləhəti olmadan qətiyyən istifadə edilməməsi barədə xəbərdarlıq edir.

Gözlərdə allergiyanı tətikləyən 4 əsas amil

1. Polenlər

Ağac, ot və yabanı bitkilərdən yayılan polenlər xüsusilə yaz və yay aylarında həssas insanların gözlərində allergik reaksiyaya səbəb olur. Polen sıxlığının yüksək olduğu vaxtlarda, xüsusilə küləkli havalarda uzun müddət açıq havada qalmaq qaşınma, qızartı və sulanmanı artırır.

Gözləri ovuşdurmaq şikayətləri daha da gücləndirir. Buna görə polenlərin çox olduğu dövrlərdə gün eynəyindən istifadə etmək və açıq havada allergenlərə məruz qalmanı azaltmaq vacibdir.

2. Ev tozu və toz gənələri

Göz allergiyası yalnız açıq hava ilə əlaqəli deyil. Ev tozu gənələri xüsusilə yataq, yastıq, xalça və digər parça səthlərdə yaşayaraq ilboyu allergik şikayətlərə səbəb olur.

Bu səbəbdən evin mütəmadi havalandırılması, toz yığılmasının qarşısının alınması, yataq və yastıq kimi tekstil məhsullarının düzgün təmizlənməsi önəmlidir. Ev heyvanlarının tükləri və dəri hissəcikləri də allergiyaya meyilli insanlarda şikayətləri tətikləyir.

3. Kif və hava çirkliliyi

Rütubətli mühitlərdə yaranan kif və hava çirkliliyi göz səthində qıcıqlanmaya səbəb olur. Xüsusilə allergenlərlə birlikdə təsir göstərdikdə gözlərdəki şikayətlər daha da güclənir.

Bu səbəbdən evin mütəmadi havalandırılması, hava çirkliliyinin yüksək olduğu vaxtlarda isə açıq havada keçirilən müddətin mümkün qədər azaldılması və ya maskadan istifadə edilməsi tövsiyə olunur.

4. Ətraf mühit amilləri

Ətraf mühitdəki dəyişikliklər və hava çirkliliyi allergik xəstəliklərə təsir göstərə bilən amillər arasında yer alır. Buna görə allergiyaya həssas insanların allergenlərlə təması mümkün qədər azaltması vacibdir.

Müalicəyə laqeyd yanaşmayın!

Dos. dr. Özgür Çakıcı bildirir ki, göz allergiyası əksər hallarda allergenlərdən uzaq durmaq və uyğun müalicə ilə nəzarətdə saxlanılmalıdır.

Lakin kortizon tərkibli göz damcıları həkim məsləhəti olmadan istifadə edilməməlidir. Kortizonun yanlış və ya uzun müddət istifadəsi göz təzyiqinin yüksəlməsi və katarakta kimi ciddi problemlərə səbəb olur.

Göz allergiyasını yüngül qəbul etməyin. Tətikləyici amilləri müəyyənləşdirin, gözlərinizi ovuşdurmayın və şikayətlər davam edərsə, mütləq göz həkiminə müraciət edin.

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.