Avropada isti hava dalğaları ən azı 35 min insanın həyatına son qoyub
Bu yay Avropada ardıcıl baş verən dörd böyük isti hava dalğası ən azı 35 min əlavə ölümə səbəb olub. Məlumatların hələ tam yekunlaşmaması, xüsusilə avqust ayının rəqəmlərinin tamamlanmaması səbəbindən yekun itkilərin daha yüksək olacağı bildirilir.
Ən çox ölüm Almaniya, İspaniya və Fransada qeydə alınıb. Almaniyada aprelin əvvəlindən avqustun əvvəlinədək təxminən 14 min, İspaniyada may ayından etibarən 5 minə yaxın, Fransada isə mayın sonundan iyulun sonunadək 7 mindən çox əlavə ölüm qeydə alınıb.
İtaliyada isti hava ilə bağlı ölümlərin 5-8 min, İngiltərədə isə may və iyun aylarındakı isti dalğalar səbəbilə təxminən 2 900 nəfər olduğu təxmin edilir. Belçika, Niderland, Polşa və İsveçrədə də ölüm göstəricilərində artım müşahidə edilib.
Mütəxəssislərin sözlərinə görə, yüksək temperatur əsasən ürək-damar, tənəffüs və böyrək xəstəlikləri kimi xroniki problemləri ağırlaşdıraraq ölüm riskini artırır. Bu səbəbdən istilə bağlı real ölüm statistikası yalnız aylar sonra tam dəqiqləşir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az