Ağ səs-küy cihazları: Uşaqlar üçün faydalıdır, yoxsa təhlükəli?
Son illərdə populyarlığı artan ağ səs-küy cihazlarından körpə və uşaqların yuxu rejimini dəstəkləmək üçün geniş istifadə olunur. Lakin araşdırmalar bu cihazlardan həddindən artıq istifadənin eşitmə qabiliyyətinə və uşaqların idrak inkişafına mənfi təsir göstərə biləcəyini ortaya qoyur.
Yağışın səsi, dalğaların sahilə çırpılması, yaxud yüngül küləyin uğultusu… Bir çox insan üçün sakitlik və rahatlıq yaradan bu səslər ağ səs-küy cihazları vasitəsilə körpələrin yuxuya getməsinə də kömək edir.
Ağ səs-küy cihazları müxtəlif tezliklərdə səsləri birləşdirərək təbiət səslərini, ventilyatorun, küləyin, yağışın və ya dəniz dalğalarının səsini təqlid edə bilir. Bu səslər kənardan gələn səs-küyü maskalamağa kömək edir və xüsusilə körpələrin yuxuya getmə prosesini sürətləndirir.
Bu cihazlardan yuxuya keçidi asanlaşdırmaq və gecə yuxusunun daha az bölünməsini təmin etmək məqsədilə istifadə olunur. Lakin mütəxəssislər yüksək səs səviyyəsində uzun müddət istifadənin eşitmə problemlərinə və uşaqların idrak inkişafına mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq edirlər.
Marmara Universitetinin Pendik Təhsil və Araşdırma Xəstəxanasının Uşaq Sağlamlığı və Xəstəlikləri Klinikasından professor Perran Boran ağ səs-küy cihazlarının faydaları və mümkün riskləri barədə danışıb.
Beynəlxalq araşdırmalar nə deyir?
Ağ səs-küy cihazlarının körpələrin yuxu rejiminə müsbət təsir göstərə biləcəyi düşünülsə də, bu texnologiyaların uzunmüddətli təsirləri ilə bağlı beynəlxalq araşdırmalar müəyyən narahatlıqlar yaradır.
ABŞ və Kanadada aparılan bəzi araşdırmalar bu cihazların 50 desibeldən yüksək səs yaratmasının körpələrin eşitmə sağlamlığına mənfi təsir göstərə biləcəyini irəli sürür.
Kanadada aparılan araşdırmada ağ səs-küy cihazlarının körpələrin təbii yuxu dövrlərini poza biləcəyi qeyd edilir. Xüsusilə bu cihazların səsinə davamlı şəkildə öyrəşən körpələrin zaman keçdikcə ətrafdakı normal səslərə daha az həssas ola və özbaşına yuxuya getməkdə çətinlik çəkə biləcəyi ehtimal olunur.
İngiltərədə aparılan araşdırmalar isə ağ səs-küyə öyrəşən uşaqların böyüdükdə sakit mühitdə yatmaqda çətinlik çəkə biləcəyini göstərir. Tədqiqatçılar bu cihazların uşaqların özlərini daxildən sakitləşdirmək bacarığını zəiflədə və gələcəkdə yuxu problemlərinə səbəb ola biləcəyini bildirirlər.
Cihazlar uşaqların yuxu keyfiyyətinə necə təsir edir?
Ağ səs-küy beyinə təsiri səbəbindən yuxu problemi yaşayan uşaqlar üçün alternativ üsul kimi istifadə olunur. Türkiyədə də bu cihazlardan istifadə getdikcə artır.
Professor Perran Boranın sözlərinə görə, cihazlar yuxuya getməyi sürətləndirir. Lakin onların davamlı istifadəsinin faydaları hələ tam şəkildə sübut edilməyib və müəyyən riskləri mövcuddur.
Yağış səsi kimi geniş tezlik diapazonuna malik səslərin uşaqların yuxuya getməsinə kömək etdiyi, vaxtından əvvəl doğulan körpələrdə isə ürək döyüntüsü və tənəffüs sürətini azaltdığı müşahidə olunub.
Bundan əlavə, ağ səs-küy xaricdən gələn narahatedici səsləri maskalayaraq uşağın oyanma ehtimalını azaldır. Bu da yuxunun bölünməsinin qarşısını almağa kömək edir.
Lakin populyarlığı artmasına baxmayaraq, davamlı səs-küyün yuxuya obyektiv və subyektiv təsirləri ilə bağlı qəti fayda hələ müəyyən edilməyib. Ağ səs-küyün effektivliyi tam sübut olunmasa da, körpələrdən böyüklərə qədər yuxuya getməkdə çətinlik çəkən insanların yuxuya keçməsinə və yuxunu davam etdirməsinə kömək edən vasitə kimi istifadə olunur.
Perran Boran bu cihazlara vərdiş yaranması ehtimalına da diqqət çəkir. O, ailələrə ağ səs-küy cihazlarından daim yuxu vasitəsi kimi istifadə etməməyi tövsiyə edir.
Mütəxəssis bildirir ki, bu cihazların asılılıq yaratdığını göstərən elmi sübut yoxdur. Lakin davamlı istifadə nəticəsində vərdiş yarana və zamanla səs-küyün təsiri azalır.
Bundan başqa, uşaqların yuxu zamanı davamlı səs-küyə məruz qalmasının inkişaflarına mənfi təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlar artır. Mövcud məlumatlar məktəb yaşlı uşaqlarda gecə saatlarında davamlı səs-küyə məruz qalmanın nitq, oxuma, qidalanma və yuxu kimi inkişaf sahələrinə mənfi təsir göstərə biləcəyini göstərir.
Telefonlardakı ağ səs-küy tətbiqlərinə diqqət
Ağ səs-küydən uşaqların yuxu rejiminə kömək etmək məqsədilə geniş istifadə olunur. Lakin mobil telefon kimi portativ cihazlardan yayılan yüksək səs səviyyələri əlavə risklər yaradır.
Perran Boranın sözlərinə görə, xüsusilə mobil telefonlarda istifadə edilən ağ səs-küy tətbiqləri daha təhlükəlidir. Çünki cihazın texniki xüsusiyyətlərindən asılı olaraq səsin səviyyəsi 100 desibelə qədər yüksələ bilər.
Bu tətbiqlər kiçik uşaqların uzun müddət yatması zamanı geniş istifadə edildiyindən, uzunmüddətli səs-küyə məruz qalmanın mümkün mənfi inkişaf təsirləri daha da artır. Buna görə də körpə və uşaqlarda bu cihazlardan istifadə zamanı xüsusilə diqqətli olmaq lazımdır.
Ağ səs-küy cihazlarına alternativlər
Perran Boran ağ səs-küy cihazlarına alternativ olaraq körpələrin yuxuya gedərkən valideynlərinin səsini eşidə biləcəyi və ya yüngül melodiyalarla yatmağa alışa biləcəyi üsulları tövsiyə edir.
Əgər ağ səs-küydən istifadə etmək istəyirsinizsə:
cihazı körpədən ən azı 30 santimetr uzaqda yerləşdirin;
ən aşağı səs səviyyəsindən istifadə edin;
körpə yuxuya getdikdən sonra cihazı söndürün.
Bu tədbirlər körpənin eşitmə sağlamlığını qorumağa kömək edir.
Bundan əlavə, valideynlərin canlı şəkildə oxuduğu layla və mahnıların körpələri sakitləşdirici təsirə malik olduğu və bu təsirin xüsusilə körpənin ilk ilində daha güclü olduğu müşahidə edilib.
Bu baxımdan, körpəni sakitləşdirmək və yuxuya hazırlamaq üçün daha sağlam və təhlükəsiz üsullardan biri ona layla oxumaq və mahnı söyləmək ola bilər. Canlı səslər həmçinin körpələrin valideynləri ilə birlikdə emosiyalarını və davranışlarını tənzimləmək bacarıqlarının inkişafına kömək edir.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az