5 sualda hepatit: Bilməli olduğunuz əsas məqamlar
Hepatit qaraciyərin iltihablanmasıdır və dünyada milyonlarla insana təsir edən ciddi sağlamlıq problemidir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2022-ci ildə virus mənşəli hepatit nəticəsində təxminən 1,3 milyon insan həyatını itirib. Hepatit B və C isə xroniki xəstəliyə, qaraciyər sirrozuna və xərçəngə səbəb olur.
1. Hepatit nədir?
Hepatit qaraciyərin iltihablanması deməkdir. Buna viruslar, alkoqol və bəzi dərmanlar səbəb olur. Hepatitin A, B, C, D və E olmaqla 5 əsas virus tipi var. Ən çox A, B və C növlərinə rast gəlinir.
2. Hepatit hansı yollarla yoluxur?
Hepatit A və E əsasən çirkli su və qidaların qəbulu ilə yayılır. Sterilizasiya qaydalarına əməl olunmadıqda tatu, pirsinq, manikür-pedikür, diş müalicəsi və digər tibbi müdaxilələr də yoluxma riski yaradır.
3. Hepatitdən necə qorunmaq olar?
Hepatit A və B-yə qarşı vaksin mövcuddur. Bundan əlavə, təhlükəsiz qan məhsullarından istifadə, tibbi və kosmetik prosedurlarda sterilizasiya qaydalarına əməl etmək, şəxsi gigiyenaya diqqət yetirmək və vaxtında testlərdən keçmək vacibdir. Hepatit A və E-dən qorunmaq üçün xüsusilə əl və su gigiyenasına diqqət edilməlidir.
4. Kimlər risk qrupundadır?
Səhiyyə və laboratoriya işçiləri, tez-tez qan köçürülən şəxslər, venadaxili narkotik istifadə edənlər, hemodializ xəstələri və qaraciyər xəstəliyi olan insanlar daha yüksək risk daşıyır.
5. Hepatit müalicə olunurmu?
Hepatit A və E əksər hallarda xüsusi müalicə olmadan sağala bilir. Hepatit B və C isə xroniki hala keçə bilər. Hepatit B-nin müalicəsində virusu güclü şəkildə nəzarətdə saxlayan ağızdan qəbul edilən dərmanlardan istifadə olunur. Hepatit C isə müasir ağızdan qəbul edilən dərmanlarla adətən 8–12 həftə ərzində tam sağaldıla bilir.
Hepatitin erkən aşkarlanması və müalicəsi sirroz və qaraciyər xərçənginin qarşısının alınmasında böyük əhəmiyyət daşıyır.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az