20 oktyabr – Energetiklər Günüdür

20 oktyabr – Energetiklər Günüdür

Hər il oktyabrın 20-də Azərbaycanda Energetiklər Günü qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il oktyabrın 13-də imzaladığı sərəncama əsasən, bu tarix energetiklərin peşə bayramı kimi təsis edilib.

Enerji siyasəti ölkənin milli təhlükəsizliyinin təmin olunmasında, iqtisadi inkişafın sürətləndirilməsində və əhalinin rifahının yüksəldilməsində mühüm rol oynayır. Azərbaycanın müstəqillik illərində enerji təhlükəsizliyinin təmin edilməsi daim diqqət mərkəzində saxlanılıb, energetika sahəsinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.

Bu gün də ölkədə elektrik enerjisi sisteminin inkişafı, mövcud infrastrukturun yenilənməsi və enerji təminatının etibarlılığının artırılması istiqamətində tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası elektrik enerjisi sisteminin genişləndirilməsinə, yeni imkanların yaradılmasına və iqtisadiyyatın müxtəlif sahələrinin enerji təminatının yaxşılaşdırılmasına şərait yaradıb.

Energetika sahəsində çalışan mütəxəssislər ölkənin enerji sisteminin dayanıqlı fəaliyyətində mühüm rol oynayırlar. Onların peşəkarlığı, zəhməti və məsuliyyəti elektrik enerjisinin fasiləsiz təminatına, sənayenin və digər iqtisadi sahələrin inkişafına töhfə verir.

Peşəkar energetiklər, eyni zamanda, təcrübələrini gənc nəslə ötürməyə, müasir elektrik avadanlıqlarını idarə edə bilən, yeni texnologiyalara yiyələnmiş mütəxəssislərin yetişdirilməsinə xüsusi diqqət yetirirlər. Bu, energetika sahəsinin gələcək inkişafı və kadr potensialının gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Energetiklər Günü ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında əməyi olan bütün mütəxəssislərin zəhmətinə verilən dəyərin ifadəsidir.

Gundelik.az

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.