“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirilib
“Sülh körpüsü” təşəbbüsü çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirilib.
Gundelik.az xəbər verir ki, bu barədə "Sülh Körpüsü" dialoq platformasının məlumatında bildirilir.
Qeyd edək ki, noyabrın 26-da Ermənistanda bu təşəbbüs çərçivəsində beşinci görüş başlayıb. Tədbirdə Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətinin ümumilikdə 60 nümayəndəsi iştirak edir.
Dəyirmi masa çərçivəsində 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi, eləcə də Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsinə və institusionallaşdırılmasına yönəlmiş təşəbbüslər müzakirə olunur.
Ötən gün Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində keçirilən beşinci dəyirmi masanın iştirakçıları ilə görüşüb.
Görüş zamanı iştirakçılar Təhlükəsizlik Şurasının katibinə onları maraqlandıran sualları vermək imkanı əldə ediblər. Daha sonra müxtəlif fikir və təkliflərin müzakirəsi aparılıb.
Xatırladaq ki, “Sülh körpüsü” dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulması məqsədilə yaradılıb. Platforma çərçivəsində tərəflər mütəmadi olaraq görüşlər keçirir, sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi məsələləri müzakirə edirlər.
İlk görüş 21–22 oktyabr 2025-ci il tarixlərində İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyənləşdirilib. Növbəti mühüm görüş 21–22 noyabr 2025-ci il tarixlərində Bakıda keçirilib və burada hər iki ölkədən ekspertlər və QHT nümayəndələri iştirak ediblər.
Sonuncu görüş isə 10-12 aprel tarixlərində Qəbələdə keçirilib. Sözügedən görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və birbaşa əlaqələrin təşviqi məsələri müzakirə olunub.