Ərdoğan "Məkkə" sazişini təsdiqləyib

Ərdoğan "Məkkə" sazişini təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə haqqında Məkkə sazişini təsdiqləyib. Saziş tərəflərdən birinə xarici silahlı hücum olduğu təqdirdə qarşılıqlı hərbi yardım göstərilməsini nəzərdə tutur.

Gundelik.az xəbər verir ki, Türkiyə dövlət başçısının bununla bağlı fərmanı hökumətin "Resmi Gazete" nəşrində dərc olunub.

“Türkiyə Respublikası, Pakistan İslam Respublikası və Səudiyyə Ərəbistanı Krallığı arasında 2026-cı il avqustun 7-də Məkkə şəhərində imzalanmış “Birgə müdafiə haqqında Məkkə sazişi”nin təsdiq edilməsi barədə qərar qəbul olunub”, – deyə Prezidentin fərmanında bildirilir.

Pakistan və Səudiyyə Ərəbistanı daha əvvəl sazişin ratifikasiyası ilə bağlı prosedurları başa çatdırıblar. Sənədə əsasən, saziş sonuncu ratifikasiya sənədinin onun çərçivəsində yaradılmış Birgə Müdafiə Komitəsinin katibliyinə təqdim edilməsindən sonra qüvvəyə minəcək.

Saziş 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb. Onun müddəalarına əsasən, üç ölkədən hər hansı birinə kənardan edilən silahlı hücum sazişin bütün iştirakçılarına qarşı hücum kimi qiymətləndiriləcək. Belə bir vəziyyətdə müttəfiqlər “qarşılıqlı dəstək üçün mövcud olan bütün imkanlardan istifadə etməklə hücuma məruz qalan tərəfə dərhal yardım göstərəcəklər”.

Xəta tapdınız? Mətni seçib Ctrl + Enter basın — redaksiyaya göndərilsin.